Bakıda yığılan bu pullar hara gedir?


Digərləri 27 Yan 2018 23:46:00 337 0

Bakıda yığılan bu pullar hara gedir?

Bakıda yeni tikilən binalarda kommunal xərclər o qədər çoxdur ki, sakinlər az qala öz evlərində özlərini kirayənişin kimi hiss edirlər. Çünki müxtəlif MTK-lər tərəfindən tikilən çoxmərtəbəli binalardan mənzil alanlar istifadə etdikləri qaza (əgər varsa), işığa və suya görə pul ödəməklə yanaşı, MTK-lara "ev pulu" ödənişi də etməlidirlər. Şəhərin mərkəzi zonalarında 30 qəpikdən hesablanan  "ev pulu"  bəzi binalarda hətta kvadrat metrə görə 1-1,5 manata çatır. Bu pulların necə və hara  xərcləndiyini isə sakinlər bilmir. Çünki əksər MTK-lar ya bunun hesabatını aparmır, ya da bu barədə sakinlərə heç bir açıqlama vermirlər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bəzi MTK-lar mənzilin kvadrat metrinə görə deyil, otaqların sayına görə "ev pulu" tələb edirlər. Aralarında insaflı çıxıb mənzilin eyvanını ümumi sahəyə aid etməyənlər də tapılır. Məsələn, "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yerləşən "RUH" MTK-da yaşayan sakinlər eyvanı çıxmaqla hər kvadratmetr mənzil sahəsinə görə 36 qəpik pul ödədiklərini deyirlər.

35 manat, 45 manat, hətta 55 manat...

Yasamal rayonu, "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında yerləşən "ANT MTK"-ya məxsus binada yaşayan sakinlər isə otaqların sayına görə hesablanan "ev pulu" ödənişi edirlər. 2 otaqlı mənzillər üçün ayda 35 manat, 3 otaqlılar üçün 45, 4 otaqlılar üçün isə ayda 55 manat mənzil haqqı müəyyənləşdirilib. Binəqədi rayonu, M. Kazımovski küçəsində yerləşən "Zaman" Elmi İstehsalat Müəssisəsinə məxsus binada isə mənzilin hər kvadrat metrinə görə hesablanan "ev pulu" 30 qəpikdir.

Xətai rayonunda yerləşən "Hidayət-N" MTK-da da isə ev pulu otaq sayına görə hesablanır. Məsələn, 3 otaqlı mənzil sahibləri 30 manat ödəniş edirlər. Metronun "Gənclik" və "Nərimanov" stansiyaları yaxınlığındakı yeni tikilən binalarda da ev pulu qiymətləri 25-50 qəpik arası dəyişir.

"500 manatdan pul yığıb özümüzə lift aldırdılar"

Virtualaz.org-a paytaxtın müxtəlif rayonlarından "ev pulu" ilə bağlı şikayətlər daxil olur. Nəsimi rayonu, Feyzulla Qasımzadə 4 ünvanında yaşayan Məryəm Seyidova deyir ki, yaşadıqları "Kristal A" MTK-ya məxsus çoxmərtəbəli binada onlardan hər kvadrat metrə görə 29 qəpikdən hesablanan "ev pulu" alınır. Amma bu məbləği kimin təyin etdiyi məlum deyil. Üstəgəl də, toplanan məbləğin hara xərcləndiyi bina sakinlərinə bəlli deyil.

"Bizim mənzilimiz 140 kv metrdir, buna görə MTK aylıq 40 manat ödəniş tələb edir. Amma bu pulun hara xərcləndiyindən xəbərimiz yoxdur. Normalda bu pul lift, zibillərin atılması və digər xidmətlər üçün istifadə olunmalı idi. Bizdə isə lift neçə ildir bərbad vəziyyətdədir. Bir müddət əvvəl isə yeni lift almaq üçün sakinlərdən 500 manatdan pul yığdılar. Sonra liftdən istifadə üçün adambaşına 10 manata kart da satdılar. Doğrudur, lift üçün toplanan pulu hamı vermədi. Sonra da kart sistemini ləğv elədilər və lift yenə əvvəlki kimi istifadəyə açıq oldu. Yəni kefləri istəyən qaydanı qoyurlar və onu tətbiq edirlər", - deyə şikayətçi bildirir.

M. Seyidova deyir ki, bu 40 manatdan əlavə sakinlərdən aylıq 2 manat "domofon" pulu da toplanır. Amma cihaz keyfyyətsiz olduğundan tez-tez xarab olur. Hər xarab olanda isə sakinlərdən əlavə 10 manat toplayaraq onu təmir etdirirlər. Yəni "domofon" xidməti həmin "ev pulu"na aid deyil.

"Ev pulu birində 10 qəpik, digərində isə 1 manat olmamalıdır" - ekspert