Afrin kürdləri Əsədi köməyə çağırırlar


Dünya 27 Yan 2018 21:25:00 313 0

Afrin kürdləri Əsədi köməyə çağırırlar

"The Guardian" yazır ki, Suriyanın Afrin anklavında Türkiyə qoşunlarına qarşı döyüşən kürd silahlıları prezident Bəşər əl-Əsədi köməyə çağırıblar və ondan ölkəsinin sərhədlərini qorumasını istəyirlər.

Məqalədə deyilir ki, Türkiyənin Afrinə hücum əməliyyatının başlanmasından bir həftə sonraya təsadüf edən bu hadisə, kürdlərin muxtariyyət arzularına son qoysa da, Ankara və Dəməşq arasında birbaşa qarşıdurmanın başlanğıcı ola bilər.

Bu həm də ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri ilə, Amerikanın hakimiyyətdən getməsini tələb etdiyi Əsəd arasında yeni alyansın yaranmasına yol aça bilər.

Afrin anklavının yerli muxtar kürd hökumətinin ötən cümə axşamı günü verdiyi bəyanatda deyilir:

"Biz Afrini vəhşi xarici hücumdan qorumaqda və Türkiyənin işğal cəhdlərinə sinə gərməkdə davam etmək əzmində olduğumuzu bildirməklə yanaşı, Suriya dövlətini buraya dəvət edirik ki, Afrindəki suveren hüquqlarına sahiblik etsin və özünün Türkiyə ilə sərhədini qorusun".

Ankara Afrin bölgəsindəki kürd YPG birləşmələrinin buradan vurub çıxarılması məqsədilə hərbi müdaxiləsinə ötən şənbə günü başlayıb.

Türkiyə, Suriya kürdlərinin Xalq Müdafiə Birliyi - YPG-ni Kürdüstan İşçi Partiyası ilə əlaqədə ittiham edir. PKK Türkiyədə, Avropa və ABŞ-da terrorçu qruplaşmalar siyahısına salınıb.

Ankara Afrin üzərinə hücum qərarını ABŞ Suriyanın şimalında 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planlarını açıqladıqdan sonra qəbul edib.

Plana görə, bu qüvvənin böyük əksəriyyətini kürd silahlı dəstələri təşkil etməli idi. Türkiyə hadisələrin belə inkişafında özünün milli təhlükəsizliyinə hədə görür.

"The Guardian" yazır ki, Türkiyənin Xarici İşlər Nazirliyi kürdlərin Əsəd hökumətinə kömək üçün müraciəti və ya Türkiyənin Dəməşqə qarşı döyüşmək niyyətində olub-olmadığı barədə sualları cavablandırmaqdan imtina edib.

Suriya hökuməti də bu barədə heç bir şərh verməyib, lakin Türkiyənin Afrinə hücumunu özünün ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi pisləyib.

Məqalədə deyilir ki, Afrindəki kürdlərin kömək üçün Dəməşqə müraciəti Suriya böhranında tamamilə yeni mərhələ ola bilər.