Aqibəti xeyirli olan yoxsul qadın və İmamın hədiyyəsi


Digərləri 27 Yan 2018 19:45:00 308 0

Aqibəti xeyirli olan yoxsul qadın və İmamın hədiyyəsi

Nişapur əhlindən bir dəstə Mədinəyə səfər qəsdi ilə şəhərdən çıxırlar. Onlar İmam Kazımla (ə) görüşməyi qərara alırlar. Əli ibni Raşid Nişapur camaatının nümayəndəsi kimi İmamın (ə) payını öhdəsinə götürür. Ona görə də hər kimin boynunda İmamın (ə) payı olur, onu Əli ibni Raşidə verirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, burada yaşayan Şətitə adlı yoxsul bir qadın var idi ki, maddi cəhətdən əziyyət çəkirdi. O, bir dirhəm pul və bir qədər parçanı İmamın (ə) payı kimi Əli ibn Raşidin yanına gətirir və verir. Baxmayaraq ki, verdikləri başqalarının payı yanında çox az görünürdü, ancaq niyyəti ixlaslı idi.   Əli ibn Raşid, Şətitənin verdiklərindən bir növ xəcalət çəkir. Şətitə onun bu halını görəndə deyir: "Haqqı bəyan etməyin xəcaləti yoxdur. Xəcalət o zaman olar ki, ölərəm və İmamın (ə) borcu boynumda qalar. Mənim payım elə bu qədərdir, ondan artığına vəzifəm yoxdur".   Əli ibni Raşid Mədinəyə gəlib çatır və Əhli-Beyt (ə) davamçılarının əmanətini İmama (ə) təslim edir. Ancaq Şətitənin adını çəkmir.   Bu zaman İmam (ə), Əlini qabaqlayır və Şətitənin verdiyi pulu və parçanı istəyir. İmam (ə) onları alan zaman buyurur: "Mənim salamımı ona çatdır və de ki, ömrü sona çatmaqdadır. Bir neçə gündən artıq sağ qalmayacaqdır".   Sonra Əliyə bir parça verib buyurur: "Bu parça mənim kəfənimdir və üstəlik 40 dirhəmlə birlikdə onları Şətitəyə ver. Ona de ki, mən onun üçün meyit namazı qılacağam".   Əli ibni Raşid həcc mərasimindən sonra vətəninə qayıdır və hədiyyəni Şətitəyə verir. Nişapur xalqı onun bu halına qibtə edirlər. Şətitə özünü Allahla görüşə hazırlayır və Əli ibni Raşid qayıdandan 19 gün sonra dünyasını dəyişir.   Şətitə yoxsul olsa da, əməlləri və niyyətləri xalis olan bir xanım idi. Ona görə də İmamın (ə) da xüsusi inayəti ilə aqibət xeyirli oldu.   İndi də həmin xanımın qəbri Nişapurda mövcuddur və insanlar mənəvi bərəkət almaq üçün onun qəbrini ziyarət edirlər.