Qəza törədən idmançının məşqçisi: "Urxan dünya çempionu olanda onunla əlaqə saxlayan yox idi"


İdman 27 Yan 2018 16:23:00 1229 0

Qəza törədən idmançının məşqçisi: "Urxan dünya çempionu olanda onunla əlaqə saxlayan yox idi"

Yanvarın 25-də Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdi. Üçqat dünya, 8 qat Azərbaycan çempionu Urxan Orucovun idarə etdiyi “BMW” markalı avtomobil Maştağa qəsəbə sakini Səlim Zülfüqarovu vurmuşdu. Goal.az xəbər verir ki, məsələ ilə bağlı beynəlxalq dərəcəli Usta, “Respublikanın Əməkdar Məşqçisi” danışıb. Urxan Orucovun da məşqçisi olan Sayadov baş verənlərin kütləyə düzgün çatdırılmadığını bildirib:

"Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının və bu federasiya ilə sıx əməkdaşlıq edən Vin Çun İdman klubunun məşqçilərindən biridir. İstedadlı, sözü və əməli eyni olan idmançıdır. Çox təəssüf ki, bəzi saytlar həqiqəti əks etdirməyən xəbərlər yayırlar. Aydın məsələdir ki, hansısa saytın yazdığı xəbəri götürüb tirajlayıblar. Amma söhbət insan taleyindən gedirsə, reytinq qazanmaq ikinci plana keçməlidir. Elə indicə Urxanın yanından gəlirəm. Hadisəni əvvəldən-axıra öyrəndim. İnsident gecə 1-2 radələrində Mərdəkan yolunda olub. Urxan Orucov idarə etdiyi avtomobillə işıqfora yaxınlaşanda içkili vəziyyətdə olan piyada qəfildən yola çıxıb. Yazırlar ki, guya Urxan qaçıb. Tamamilə yalan xəbərdir. Zərərçəkənə ilk tibbi yardımı Orucov məhz özü göstərib. İdmançı olduğundan kəllə-beyin travması zamanı nə etmək laızm olduğunu yaxşı bilir. Urxan təcili tibbi yarıma da özü zəng vurub. Axşam evə gedib, səhər saatlarında isə könüllü polisə təslim olub.

Bəzi saytlar Urxanın içkili olduğunu iddia edib. Demək istərdim ki, o, ümumiyyətlə içkidən və siqaretdən uzaq adamdır. Atomobili də normal sürətdə idarə edib. Sadəcə bədbəxt hadisədən heç kim sığortalanmayıb".

Asif Sayadov 3 qat dünya çempionuna qarşı münasibətə də narazılığını gizlətməyib.

"Urxan dəfələrlə dünya çempionatının qalibi, mükafatçısı olub. Dəqiqləşdirilməmiş xəbər yazan saytlar Azərbaycan bayrağını xaricdə dalğalandıranda bir dəfə də onunla əlaqə saxlayıb təəssüratlarını öyrənməyiblər. "Dünya çempionu belə etdi", "avtomobillə adam öldürən şəxs çempion imiş" tipli başlıqlar nəyə xidmət edir? Nə üçün hadisəni doğru-düzgün araşdırmırlar? Yoxsa, başına iş gələn dünya çempionuna qarşı insanlarda aqressiya oyatmaq lazımdır? Geniş kütləyə çıxışı olan heç kim bu imkandan sui-istifadə etməməlidir. Ən azı peşə etikasına əməl olunmalıdır" - Asif Sayadov sözünü yekunlaşdırıb.