Cəza siyasətinin liberallaşdırılması prokurorluq orqanlarında uğurla icra edilir FOTO


Kriminal 27 Yan 2018 16:15:31 311 0

Cəza siyasətinin liberallaşdırılması prokurorluq orqanlarında uğurla icra edilir  FOTO

Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu strateji əhəmiyyətli milli siyasətin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, 2017-ci ilin ölkəmizdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar həyata keçirilməklə gələcək onilliklər üçün əsası qoyulmuş layihələrin təməlinin atılması ilə zəngin olduğunu bildirib.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin Davos Ümumdünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, eyni zamanda həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin dünyada inkişaf edən dövlətlər arasında 3-cü yerə layiq görülməsi, "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilədək uzadılması, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yolun - Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsi və s. uğurlar xüsusi vurğulanıb.

Baş prokuror işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə "Böyük Qayıdış" prosesinə start verilməsini ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Xüsusi olaraq vətəndaş məmnunluğunun təmin edilməsində əvəzsiz rol oynayan "ASAN" xidmət mərkəzlərinin səmərəli fəaliyyəti qeyd edilməklə mərkəzlərə yarandığı gündən 20 milyona yaxın müraciət edilməsinin, həmçinin 2019-cu ilin sonuna qədər ölkəmizdə "ASAN xidmət" Mərkəzlərinin sayının 20-ə çatdırılmasının dövlət qulluqçusu - vətəndaş münasibətlərində dövlətin həyata keçirdiyi siyasətin mühüm təzahürü kimi vurğulanıb.

Cari hesabat dövrünün ölkəmiz üçün müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlamətdar olacağı bildirilməklə, Azərbaycan Respublikası Prezidentinin dövlətçilik irsimizə ehtiramın müstəsna nümunəsi kimi 2018-ci ili "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan etməsinin önəmi xüsusi qeyd edilib.

Bununla yanaşı, cari ilin prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə də xüsusi əhəmiyyətə malik olacağı bildirilməklə, prokurorluq orqanlarının hər bir əməkdaşının səmərəli fəaliyyəti və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Cümhuriyyətin, o cümlədən Prokurorluğun yaradılmasının 100 illiyinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Hesabat məruzəsində bildirilib ki, 2017-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Belə ki, ötən il Respublikamızda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək ölkə başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli proqram xarakterli Sərəncamının bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olması qeyd edilib.

Ölkəmizdə uzun illər cinayətkarlığa qarşı aparılan barışmaz və effektiv mübarizənin məntiqi nəticəsi kimi qəbul edilmiş Sərəncamın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürü olması bildirilməklə Sərəncamdan irəli gələn, prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə konkret tapşırıqlar verilib.

Kollegiya iclasında bildirilib ki, 2017-ci ildə də cinayətkarlığa qarşı mübarizə gücləndirilmiş, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində zəruri tədbirlər görülüb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilib, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq və dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşmış, keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub.

2017-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Buna misal olaraq, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirilyinin ayrı-ayrı vəzifəli şəxslərinin dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və digər şəxslərə qarşı törədilmiş qanunsuz azadlıqdan məhrum etmə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifədən sui-istifadə etmə və sair qanunsuz əməlləri, həmçinin Bakı şəhəri, Nardaran qəsəbəsində hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərilməklə onların qəsdən öldürülməsi, terrorçuluq və digər cinayətlər üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunmuşdur.

Xüsusi vurğulanmışdır ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilmiş, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilmişdir.

Hesabat müddətində hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla əlaqəli şəkildə hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuş, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı aparılmışdır.


Xəbərə aid foto