Baş prokuror: “Keçən il 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanıb”


Sosial 27 Yan 2018 16:08:49 410 0

Baş prokuror: “Keçən il 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanıb”

Mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı aparılıb

“2017-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilib, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilib”.

“Report”un xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilmiş kollegiya iclasında bildirib.

O qeyd edib ki, hesabat müddətində hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla əlaqəli şəkildə hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı aparılıb.