"Anam hər fürsətdə qayıt gəl, səni ərə verək deyir"


Digərləri 26 Yan 2018 22:40:00 273 0

"Anam hər fürsətdə qayıt gəl, səni ərə verək deyir"

Nigar Eyyubova: “Burda dərsi də, müəllimi də tələbə seçir”

Nigar Eyyubova: "Burda dərsi də, müəllimi də tələbə seçir" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Ən böyük istəyi  hansısa bir universitetdə professor olub, böyük tələbə auditoriyasına dərs keçməkdir. Və bir gün vətənə qayıdıb kiçik bir kafe və ya dil kursu açmağı planlayır. Düşünür ki, təhsil hər bir vətəndaş, xüsusilə də, qızlar üçün çox vacibdir. Qızlarımızın savadlı olub cəmiyyətdə yer tutmalarını istəyir. "Xaricdə təhsil" rubrikamızın qonağı Koreyada jurnalistika üzrə magistr təhsili alan Nigar Eyyubovadır.   Qeyd edək ki, Nigar 1993-cü ildə Bakıda anadan olub. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsində oxuyub. Daha sonra Koreya filmlərinə olan sevgisi onu həmin ölkədə təhsil almağa həvəsləndirib. Və elə universiteti bitirən ili Koreyaya təhsil almağa yollanıb.   - Sizcə, təhsilin insan həyatında önəmi nədir?

- Bu tendensiya əslində, cəmiyyətə görə dəyişir. Azərbaycandakı təhsil və insan Koreyadakı ilə fərqlidir. Amma təhsilli insanın yeri bütün cəmiyyətlərdə fərqlidir, digərlərindən kifayət qədər seçilə bilir. Hətta şəxsin insanlığını belə dəyişə biləcək yeganə ünsürün təhsil olduğunu düşünürəm. Bu isə insanın hansı sahədə nə qədər təhsilli olmasından asılıdır. 

- Necə oldu xaricdə təhsil almaq qərarına gəldiniz?

- Bu işdə bəzi müəllimlərimin də rolu böyükdür. Onlar mənə həmişə deyirdilər ki, səndə başqa işıq görürük, amma sən o işığı bağlayırsan. Bu sözlər mənə həqiqətən təsir edirdi. Düşüncə baxımından öz yaşıdlarımdan daha müasir olduğumdan onlarla yola gedə bilmirdim, ünsiyyətdə olanda sıxılırdım. Fikirləşdim ki, xaricdə təhsil mənim üçün daha yaxşı olar, özümü daha çox inkişaf etdirə bilərəm.   - Bəs nə üçün Koreya?

- (Gülür) İnanın, bu sualı həmişə Koreyada da verirlər. Əslində, Koreyanı seçməyimdə səbəblər çoxdur. Amma ilk səbəb kimi onu deyə bilərəm ki, Koreya filmlərindən çox xoşum gəlirdi. Həmin kinoların fanatına çevrilmişdim. Öncə Çin dilini öyrənmək istəsəm də, seriallara baxa-baxa koreya dilinə marağım yarandı. Koreya səfirliyinin nəzdində təqaüd proqramının olduğunu öyrəndim. Bu haqda bir az araşdırma apardıqdan sonra proqrama qoşulmaq qərarına gəldim.

- Xaricdə təhsil almaq şərtdirmi?

- Düşünmürəm ki, xaricdə təhsil mütləqdir. Azərbaycanda da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Gərək sırf universitetin verdiyi təhsillə kifayətlənməyib, öz üzərində çalışasan, özünə təhsil verə biləsən. Amma cəmiyyəti dəyişib, başqa mühitdə yaşayıb inkişaf etmək istəyirsinizsə, o zaman şərtdir. Xaricdəki mühit bir insanı çox dəyişə bilər. Əgər bunun üçün imkan, şərait varsa, xaricdə təhsil almaq yaxşı olar. 

- Bir xanım olaraq xaricdə təhsil almaq, qürbətdə yaşamaq çətin deyil ki?

- Azərbaycanlı olaraq başqa inkişaf etmiş ölkədə yaşamaq çətin ola bilər. Çünki bizdə müəyyən mental dəyərlər var ki, bu, onların fikriləri ilə heç zaman üst-üstə düşmür. Bizim bəzi məqamlarda "yox" deyə biləcəyimiz amillər onlar üçün "hə" ola bilər. Məsələn, qızlar üçün burada müəyyən məhdudiyyətlər var, amma orada yoxdur. Buna alışmaq xaricə gedənlər üçün çətin olur. Məsələn, burada nəzarət altında böyümüş bir qızın ora gedib birdən-birə tamamilə sərbəst mühitə düşməsi onun üçün problem ola bilər. Ya da əksinə, orda da özünə çox qapana bilər, hamıdan uzaqlaşıb, təcrid olunar. Yəni, ilk vaxtlar alışmaq bir az çətin olur.    - Ailənizin xaricdə təhsilə münasibəti necə idi?

- Mən xaricdə təhsil üçün hazırlaşarkən ailəmin xəbəri var idi. Amma inanmırdılar ki, təqaüd proqramını qazanıb gedə bilərəm. Anam xaricə getməyimə qarşı idi. Həmin gün hələ də yadımdadır. Demək, təyyarə bileti gəlib, anam məni buraxmaq istəmir. Getmək üçün düz üç gün ağlamışam. Anam "Sən qız uşağısan, biz səni oralara tək necə göndərəcəyik, gedib haralarda qalacaqsan,  qızın xaricdə nə işi var, evlən ailən, uşağın olsun" tipli sözlər deyirdi. Amma bütün bunlara baxmayaraq, axırda ailəmə qalib gəldim və getdim. Qız olmağım həmişə mənim ən böyük problemim olub (Gülür).

- Artıq iki ildir oradasan, bəs indi nə düşünür ailən bu haqda?

- (Gülür) Elə indi də eyni situasiya davam edir. Anam hər fürsətdə "qayıt gəl, ailə qur, nə işin var oralarda" deyir. Amma yenə də, həmişəki kimi öz istədiyimi edəcəyəm. Ailəmin fikrilərinə hörmətlə yanaşıram, amma mənim həyatımda mən daha önəmliyəm. 


Xəbərə aid fotolar