Övladları ilə 5 dildə danışan ailə FOTO


Digərləri 26 Yan 2018 22:31:00 265 0

Övladları ilə 5 dildə danışan ailə  FOTO

Gülnar Süleymanova: “Nəinki ailədə, dünyada da danışıqlar yolu ilə həll olunmayacaq heç bir problem yoxdur” Rudas Daniel: “Tanrı bizi bir-birimiz üçün yaradıb”

Gülnar Süleymanova: "Nəinki ailədə, dünyada da danışıqlar yolu ilə həll olunmayacaq heç bir problem yoxdur"

Rudas Daniel: "Tanrı bizi bir-birimiz üçün yaradıb" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onların ailə qurmağına nə dil, nə din, nə də millət fərqliliyi əngəl törədib. Düşünürlər ki, sevginin dili, dini, milliyyəti olmur. Onlar üçün ən önəmli status insan olmaq və bir-birlərinin gözlərinə baxdıqda, öz əkslərini görməkdir.

"Ailə" rubrikamızın budəfəki qonaqları həmyerlimiz Gülnar Süleymanova və həyat yoldaşı,yəhudi Rudas Danieldir. Cütlüyümüz Macarıstanda yaşayır və 3 qız övladları var. Gülnar dünyanın ən böyük şirkətlərindən biri olan Amerikanını GE (General Electrik) şirkətində işləyir. Yoldaşı Rudas Daniel həm marketinq üzrə beynəlxalq İBM şirkətində mütəxəssis, həm də Avropanın ən böyük sinaqoqu olan Dohany sinaqoqunda "kantor" (dini və ilahi mahnılar oxuyan özəl yetişdirilmiş müğənni) çalışır. Eyni zamanda da tenordur.   Sehrli Fəvvarənin "sürprizi"...   Yəhudi ilə azərbaycanlını ilk dəfə "Linkedin" sosial şəbəkəsi birləşdirib. Belə ki, Gülnar Danielin mesajını uzun müddət sonra cavablandırsa da, bu, onların münasibətinə mane olmayıb: "Şirkətimizdə açıq pozisiya ilə bağlı elan vermişdim. Yoldaşım da elanla maraqlandığı üçün mənə yazıb. Mesajını çox gec gördüm, hətta 1-2 ay sonra cavab yazdım. Necə oldusa, yazışmağa başladıq. Məlum oldu ki, əslində qonşuyuq. Beləliklə, münasibət başladı".

Cütlüyümüzün evlənmə təklifləri isə gözlənilən kimi olmayıb. Gülnar deyir ki, ikisi də romantik olmadığı üçün bu təklif də gülməli tarixçə ilə yadda qalıb: "Biz ikimiz də romantik deyilik. Daniel ilk dəfə romantik olmağa çalışaraq Barselona səyahətimiz zamanı oranın məşhur "Sehirli Fəvvarə" adlı məkanında evlənmə təklifi etməyi planlaşdırıb. Biz də ilk dəfə Barselonaya getmişdik və şəhər turuna çıxmışdıq. 2 saatlıq yürüşdən sonra qaranlıq bir məkana çatdıq. Sən demə, o gün romantik təklif üçün nəzərdə tutulan "Sehirli Fəvvarə" işləmirmiş. Amma plan istədiyi kimi getməsə də, cibindən üzük çıxardı və "mənimlə evlənərsənmi?" dedi".

"Qarşıma çıxan ilk azərbaycanlı idi"   Daniel deyir ki, ailə qurarkən həyat yoldaşının əcnəbi olması onu narahat etməyib. Həmsöhbətimizin sözlərinə görə, Gülnar, ilk qadındır ki, onun həm qəlbinə, həm də ruhuna toxunub: "Gülnarla qarşılaşdığım  ilk vaxt başa düşdüm ki, tanrı bizi bir-birimiz üçün yaradıb. Doğrusu, mən məhz azərbaycanlı xanımın axtarışında deyildim. O, mənim qarşıma çıxan və tanıdığım ilk azərbaycanlı insan idi. Amma tanrının qismətindən qaçmaq olmur. Ona aşiq olmağımın ən böyük səbəbi bir-birimizə olan dərin sevgimiz, həqiqi dostluğumuz və hörmətimizdir. Mənim üçün ən önəmlisi qarşımdakı insanın milliyyəti deyil, onun insani özəllikləridir".

Gülnarın Danieli sevməyinin və ona bağlanmağının ən böyük səbəbi isə onun yanında özünü sərbəst hiss etməsidir: "Həyat yoldaşımın yanında özümü dünyanın ən rahat və sərbəst insanı hesab edirəm. Sözün əsl mənasında, onun yanında olduğum kimiyəm. Bu, ona bağlanmağımın ən böyük səbəbidir".   "Onsuz özümü tam insan kimi təsəvvür etmirəm"   Əcnəbi ilə ailə qurmasına gəldikdə isə Gülnar deyir ki, Danielin yəhudi olması onun üçün heç bir əngəl törətməyib: "Düzü, ailə qurarkən, heç nəyi götür-qoy etmədim. Baxmayaraq ki, hər zaman milliyyətçi insan olmuşam, amma dil, yaxud din ayrı-seçkiliyi etməmişəm. Mənim üçün bütün insanlar eyni haqla, bərabər şəkildə dünyaya gəliblər. Hansı millətdən olmasından asılı olmayaraq, ən önəmli statusumuz insan olmağımızdır. Ona görə də yəhudi olmağının mənim üçün heç bir əngəli yox idi".

Danielə görə Gülnar ona hər gün motivasiya verən və dayanmadan işləyən mühərrik kimidir: "Gülnar həyatıma girəndən sonra sanki məndə "həyatımda hər şey təbii və bu şəkildə olmalıdır" hissini yaşatdı. O, mənim motivasiya mənbəyim, digər yarımdır. Onsuz özümü tam bir insan olaraq təsəvvür edə bilmirəm. O, mənim xarakterimi bir güzgü kimi özündə göstərir və mənim günbəgün daha yaxşı insan olmağıma kömək edir. Həyatımda qarşılaşdığım demək olar ki, ən güclü və mübariz qadındır".


Xəbərə aid fotolar