Kamal Abdulla Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü seçilib FOTO


Digərləri 26 Yan 2018 19:51:00 343 0

Kamal Abdulla Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü seçilib  FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Fransanın Strasburq Universiteti, Türkiyənin Atılım Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin nümayəndələri ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, qonaqlarla müxtəlif birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparıldığını deyən K.Abdulla buna görə öz təşəkkürünü ifadə edib. Qonaqları görüş iştirakçılarına təqdim edən rektor onların hər birinin Azərbaycanla mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərindən danışıb.

Gürcüstan Təhsil Elmləri Akademiyasının akademiki, professor Teymur Caqonoşvili artıq bir neçə ildir ki, Gürcüstanda xüsusi hazırlıq proqramlarının tədris olunduğunu və bu proqramlar çərçivəsində azərbaycanlıların da gürcü dili, mədəniyyəti və tarixini öyrəndiklərini söyləyib. O, bildirib ki, Gürcüstan Texniki Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılması planlaşdırılır. Bu filialda master-klassların keçirilməsi, müxtəlif mübadilə proqramlarının reallaşdırılması nəzərdə tutulur.

Görüşün digər iştirakçısı-Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Ekhart Hötzel bildirib ki, dəyirmi masada müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etmək üçün böyük imkanlar var: "Bizim vəzifəmiz sərhədləri aşaraq bir-birimizə daha yaxın olmaqdır. Bizim multikulturalizmi inkişaf etdirməkdən başqa çıxış yolumuz yoxdur". E.Hötzel ADU-nun rektoru K.Abdullanın Strasburq Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması barədə təklifinə də toxunub. O, bildirib ki, təmsil etdiyi universitetin rektoru bu təklifə müsbət cavab verib: "Hesab edirəm ki, bu mərkəzin Azərbaycan dili və mədəniyyətinin təbliğində xüsusi rolu olacaq". Ona cavab olaraq K.Abdulla deyib ki, Strasburq Universiteti gözəl ənənələrə malikdir: "Biz xalqlarımız və universitetlərimiz arasında körpülərin daha da möhkəmləndirilməsinə çalışacağıq".

Türkiyənin Atılım Universitetinin dekanı Ayfər Altay ADU ilə 2008-ci ildən bəri əlaqələrinin olduğunu söyləyib. O, bildirib ki, təmsil etdiyi universitet ilə ADU arasında birgə layihələrin həyata keçirilməsi üçün müvafiq addımlar atılacaq.


Xəbərə aid fotolar