Aqil Abbas: Milli Təhlükəlilik Nazirliyi


Digərləri 26 Yan 2018 18:20:00 356 0

Aqil Abbas: Milli Təhlükəlilik Nazirliyi

Hər hansı bir dövlət, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, dörd sütun üzərində dayanır: ölkəni idarə edən Prezidentin və ya Baş nazirin rəhbərlik etdiyi icra orqanı (bəzi ölkələrdə Prezident Administrasiyasıdı, bəzi ölkələrdə Nazirlər Kabineti), Ordu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi. Hər birinin də öz vəzifəsi var. Biri ölkəni xarici hərbi müdaxilələrdən qoruyur, biri ölkənin asayişini və əmin-amanlığını təmin edir, biri də ölkəni xarici təxribatlardan, terrorlardan, xarici qüvvələrin ölkə daxilində yaratmaq istədiyi təxribatlardan və casusluq şəbəkələrdən qoruyur və həm də özünün kəşfiyyat təşkilatı vasitəsilə başqa dövlətlərdə ölkəmizi sarsıtmaq istəyən gizli təşkilatları öyrənir və vaxtında qarşısını alır və sair və ilaxır.

Dövlətin təhlükəsizliyi hər şeydən önəmlidir və bu xüsusi xidmət orqanı da ən vacib və ən ciddi qurumlardan biridi, bəlkə də birincisidi. Və indi ortaya çıxan faktlar, istintaq materialları, məhkəmə istintaqı sübut edir ki, dövlətin bel sütunlarından biri (yəni Milli Təhlükəsizlik Nazirliyi) tam laxlayıbmış və uçmaq ərəfəsindəymiş. Bunun dövlət üçün necə bir faciəyə çevrilə biləcəyini düşünəndə adam dəhşətə gəlir. Milli Təhlükəsizlik Nazirliyi Milli Təhlükəlilik Nazirliyinə çevrilibmiş. Korrupsiyaya qarşı mübarizə aparmalı olacaq bir təşkilat özü ən böyük korrupsiya təşkilatına çevrilib, dövləti, milləti bataqlığa sürükləyibmiş. Xarici kəşfiyyat idarələri də Milli Təhlükəsizlik Nazirliyinin korrupsiyaya başı qarışdığından çox gözəl istifadə edib ölkədə radikal qruplar, xüsusilə də radikal dini qruplar yaradıb, ölkənin əmin-amanlığını zərbə altına qoyublar. Düzdür, hərdən belə qruplar ifşa olunurdu, indi adam görür ki, bunlar da bir göstəriymiş ki, yəni işləyirik, çalışırıq.

Daxili İşlər Nazirliyində elə də mühüm post tutmayan bir Hacı Məmmədova görə mediadan istifadə edib ölkənin əsas sütunlarından birini gözdən salmağa çalışırdı MTN. Heç demə ölkədə nə qədər hacıməmmədovlar var MTN-in rəhbərliyi hamısını yığıbmış dövlətin və millətin təhlükəsizliyini əmanət etdiyimiz təşkilata.

Milli Təhlükəsizlik Nazirliyi hələ sovetlər dönəmindən (Dövlət Təhlükəsizlik Komitəsi) ən təmiz və ən güvənilən təşkilat sayılırdı. Ulu öndər Heydər Əliyev uzun illər bu təşkilatda çalışmış, bu təşkilata rəhbərlik etmiş, məhz ölkə rəhbərliyinə də bu təşkilatdan gəlmişdi. Həm Azərbaycan Respublikasında, həm də SSRİ-də, türk qardaşlarımız demiş, yeraltı dünya haqqında çox böyük bilgilərə sahib idi. Dövlətin nədən sarsıla biləcəyini çox gözəl bildiyindən məhz ona görə də hakimiyyətə gələn kimi ilk olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəyə başladı. Məhz bu mübarizənin nəticəsində də on beş respublikanın içində ən geridə qalan Azərbaycan iqtisadiyyatı çiçəklənməyə başladı, Azərbaycan SSRİ-də ən ön sıralara çıxdı, ölkədə bolluq yarandı, firavanlıq yarandı. Amma Ulu Öndərin korrupsiyaya qarşı mübarizəsi həm Moskvada yuxarı dairələrin, həm də digər respublika rəhbərlərinin heç də xoşuna gəlmədi. Çünki SSRİ-nin paxırını açıb qoymuşdu ortalığa. Təbii ki, Ulu Öndərin apardığı bu mübarizədə Dövlət Təhlükəsizlik Xidməti onun sağ əli idi.

Təəssüf ki, son on ildə bu təşkilat Möhtərəm Prezidentimizin nəinki sağ əli, heç sol əli də olmadı. Və iqtisadiyyatımıza da elə böyük bir zərbə vurdu ki, ölkədə devalvasiya baş verdi, milyardlarla dollar, təxminən dövlətin bir illik büdcəsi qədər pul məhz Təhlükəsizlik Nazirliyinin "krışalığı" ilə Azərbaycandan çıxarıldı. Ölkəyə vurulan ikinci bir zərbəni də iqtisadiyyatın inkişaf etdirilməsində mühüm rol oynayan sahibkarları müflisləşdirməklə, bank sektorunu çökdürməklə vurdu.

Milli Təhlükəsizlik Nazirliyi az qala Narkomaniyaya Qarşı Mübarizə İdarəsinə çevrilmişdi. Daxili İşlər Nazirliyinin səlahiyyətini mənimsəmişdi. Burda çox incə bir mətləb var. Telefon dinləmək hüququ MTN-ə məxsusdu. Və Daxili İşlər Nazirliyi hər hansı bir əməliyyatı həyata keçirmək istərkən və kimlərisə izləmək istərkən sorğu ilə MTN-ə müraciət etməli olurdu. MTN həmin məlumatları DİN-ə çatdırmağı gecikdirirdi və bilgiləri ələ keçirdiyinə görə DİN-in hazırladığı əməliyyatı özü həyata keçirirdi. Belə bir ab-hava yaradırdı ki, DİN-in görməli olduğu işi onlar bacarmadıqları üçün biz elədik. Yəni yenə DİN-in nüfuzuna zərbə vurmağı daha üstün tuturdular, nəinki özlərinin daha mühüm vəzifəlrini yerinə yetirməyi.

Əgər MTN işini düzgün qursaydı, heç Nardaran hadisələri də baş verməzdi. Vaxtında bu radikal dini qrup ifşa edilərdi və DİN də MTN-in görə biləcəyi işi məcbur olub özü həyata keçirməzdi və iki polisimiz də şəhid olmazdı.

Onlarla belə fakt saymaq olar. Əgər MTN işini düzgün qursaydı, radikal dini qruplar gənclərimizi yoldan çıxarıb İŞİD-ə qoşulmaq üçün İraqa, Suriyaya göndərə bilməzdi və həm onlarla, bəlkə də yüz, iki yüzdən artıq ailə məhv olmazdı, həm də azərbaycanlıların adı İŞİD-lə hallanmazdı. Bəs, indi niyə Suriyaya, İraqa gedib İŞİD-ə qoşulan yoxdu?

MTN işini düzgün qursaydı Neft-Kimya Akademiyasında o dəhşətli terror faciəsi yaşanmazdı. Özü də hansı ərəfədə? Ulu Öndərin ad günü ərəfəsində. Və hələ də o terrorun hardan gəldiyi dəqiqləşdirilməyib. Çünki MTN-in İstintaq İdarəsi sahibkarlarla məşğul idi.

Onu da qeyd edək ki, MTN-in DİN-i nüfuzdan salmağa çalışmasının kökündə Eldar Mahmudovun DİN rəhbərliyindən incik düşməsi və həm də vaxtilə DİN-də çalışmış, hansı nöqsanlarına görəsə daxili işlər orqanlarından uzaqlaşdırılmış polis əməkdaşlarını öz ətrafına yığması dururdu. Məhz DİN-in Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Zakir Nəsirovun da həbs olunmasının və ömürlük cəza almasının kökündə də yuxarıda qeyd etdiyimiz məsələ durur.

Yeri gəlmişkən, Zakir Nəsirov daxili işlər orqanlarının ən professional əməkdaşlarından biri sayılırdı. Şükürlər olsun ki, MTN-in iç üzü açılandan sonra Möhtərəm Prezidentimiz İlham Əliyev Zakir Nəsirovu əfv elədi.