Hakim Qalib Arifə xəbərdarlıq edib - YENİLƏNİB


Sosial 26 Yan 2018 15:33:00 254 0

Hakim Qalib Arifə xəbərdarlıq edib - YENİLƏNİB

Hakim deyib ki, vəkil təqsirləndirilən şəxsə sual verən zaman heç kəs yerindən müdaxilə edə bilməz

Təqsirləndirilən Arif Rəhimov ifadəsində bildirib ki, tələbə yoldaşları ilə birgə gedərkən yolda qəzaya düşüblər. 

"Report"un xəbərinə görə, o deyib ki, qəza zamanı yolun sağı ilə gedirmişlər: "Bu zaman qabağıma "Shaqman" markalı yük avtomobili çıxdı. Həmin avtomobilin sürücüsü qəflətən sağa dönmək istədiyi üçün mən məcbur olaraq sol zolağa çıxdım. Elə bildim "Prado" ilə toqquşmuşam, amma "Opel" avtomobilini vurmuşdum. Bizim maşında olan sərnişinlər salamat olduğu üçün elə bildim o birsi maşındakılar da yaxşıdı. Sonra onlara yaxınlaşıb, nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər. Mən hadisənin şokunda idim, özüm də yaralanmışdım. Amma təcili yardım maşını ilə getmədim, orada qaldım. Mən tibbi yoxlamaya axşam getmişəm".

O, mərhumun ailələrinə başsağlığı verib: "Qəza törətdiyim avtomobil atama məxsus idi, etibarnaməsiz sürürdüm. Avtomobildə gedən zaman sürəti xatırlamıram".

A.Rəhimov dindirilən zaman əməlindən peşman olduğunu söyləyib.

Sual-cavab hissəsində təqsirləndirilən şəxsin atası, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, zərərçəkmiş kimi tanınan Qalib Arif prosesə müdaxil edib.  

Hakim Q.Arifə xəbərdarlıq edib. Hakim deyib ki, vəkil təqsirləndirilən şəxsə sual verən zaman heç kəs yerindən müdaxilə edə bilməz.

*** 14:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə mülki iddiaların daxil olduğu elan olunub.

Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Digər zərərçəkmiş Gülnaz Əliyev 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Zərərçəkmiş Vahir Məmmədov isə 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Arif Rəhimov özünü qismən təqsirli bildiyini söyləyib.