Qalib Arifin oğlunun məhkəməsində zərərçəkmişlər mülki iddia qaldırıb


Sosial 26 Yan 2018 14:56:06 269 0

Qalib Arifin oğlunun məhkəməsində zərərçəkmişlər mülki iddia qaldırıb

Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə mülki iddiaların daxil olduğu elan olunub.

Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Digər zərərçəkmiş Gülnaz Əliyev 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Zərərçəkmiş Vahir Məmmədov isə 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, sentyabrın 7-də, saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib. Məhkəmədə Q.Arif iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.