Keçmiş deputatın oğlu: "Türkiyədə qəlyan biznesi quracaqdıq"


Kriminal 26 Yan 2018 14:53:00 341 0

Keçmiş deputatın oğlu: "Türkiyədə qəlyan biznesi quracaqdıq"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

R.Heybətov ittiham üzrə özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən E. Məmmədov deyib ki, R. Heybətovla yaxşı münasibəti olub: "2015-ci ilin noyabr ayında Moskvada idik. Rövşən mənə iş qurmağı təklif etdi. Türkiyədə qəlyan biznesi quracaqdıq. 200 mindən çox pul lazım oldu. Mən də dedim özbaşıma verə bilmərəm, atamla məsləhətləşməliyəm. Gəldim atama danışdım, atamla birgə Rövşənlə görüşdük. Rövşən atamı da inandırdı. Maşın satmışdım, yüz minim var idi. Yüz min manat da bankdan kredit götürüb verdim. Kreditin sənədlərin də göstərdim. Bir aylıq götürdüm ki, faizi az olsun. Rövşənə də dedim bu pul mənim boynumdadır. Rövşən dedi ki, Türkiyəyə gedəndə iki idmançı aparsın, təhlükəsizlik baxımından belə yaxşıdır. Mən də Türkiyəyə onlardan sonra getdim. Getdim həmin hotelə. Yanında apardığı idmançılar qaçdılar qabağıma ki, Rövşən qəza törədib. Getdik xəstəxanaya, həkimlər dedilər ciddi bir şey yoxdur. Sonra getdik polis idarəsində ifadə verdi. Guya pul onun kirayə götürdüyü maşında imiş. Rövşən dedi evini adımıza keçirəcək, qalan pulu da qaytaracaq. Sonra xaricə çıxıb getdi. O vaxtdan indiyə kimi mənə 144 min dollar pul ödənilib".

Proses fevralın 2-də davam edəcək.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.