Bakıda Koreya standartları əsasında Peşə Təhsil Mərkəzi yaradılacaq FOTO


Digərləri 26 Yan 2018 14:48:00 287 0

Bakıda Koreya standartları əsasında Peşə Təhsil Mərkəzi yaradılacaq  FOTO

Yeni Peşə Təhsil Mərkəzinin təməli qoyulub.

Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov  çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.

Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.

O, bildirib ki, Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılacaq. C.Bayramov həmçinin, Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacağına əmin olduğunu, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.