Sarkisyan aprel xofundan qurtula bilmir


Siyasət 26 Yan 2018 01:30:00 401 0

Sarkisyan aprel xofundan qurtula bilmir

Ermənistan prezidenti AŞPA tribunasında sərsəmlədi və dərhal da cavabını aldı 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hərbi xuntanın rəhbəri Serj Sarkisyanın növbəti Avropa turnesini də onun fiaskosu adlandırmaq olar. Budəfəki səfər daha çox hakimiyyətini uzatmaq arzusuna reaksiyaların necə qarşılanacağı ilə bağlı olub. Ənənəvi olaraq səfərini də erməni lobbisinin daha çox at oynatdığı Fransadan başlayıb. Parisdə onun Fransa prezidenti Emmanuel Makron ilə görüşündə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Rusiya mediası, konkret olaraq, "Nezavisimaya qazeta" yazır ki, Sarkisyana daha çox Avropanın onun gələcək baş nazirliyinə reaksiyasının necə olacağı maraqlı olub. Nəşr yazır ki, Sarkisyan bundan əvvəl Rusiyaya etdiyi səfərində Moskvanın razılığını alıb. Ermənistanla Fransa hər hansı bir birlikdə, hərbi-siyasi ittifaqda təmsil olunmasalar da, erməni lobbisi "Serjik" üçün böyük önəm kəsb edir. Fransa tarix boyu Avropa ermənilərinin cəm olduğu mərkəz rolunu yerinə yetirib. Ən maraqlısı isə odur ki, Sarkisyan Fransa səfərində erməni lobbisinin nümayəndələri ilə görüşməyib. Çox güman ki, icma nümayəndələri onunla görüşmək istəməyib. Məsələ ondadır ki, Avropa və ABŞ ermənilərinin, cəmiyyətlərinin Sarkisyanı görməyə gözləri yoxdur.

"Ermənistan nüfuzlu lobbinin yardım çevrəsindən kənarda qalıb. Bir sıra layihələr istisna olmaqla 2000-ci illərin əvvəllərindəki maliyyə axınından təcrid olunmuşuq". Bunu Ermənistan parlamentinin keçmiş sədri "Qalust Saaakyan bu yaxınlarda etiraf edib. Q. Saakyan bildirib ki, bütün bunların bir səbəbi var: "Ermənistan prezidenti Serj Sarkisyan lobbinin yox, Kremlin sözü ilə oturub-durur. Bir sözlə, Sarkisyan lobbi çevrəsində nüfuzunu itirib".

Yeri gəlmişkən, Sarkisyan Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış da edib. Çıxışı zamanı bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sülh yolu ilə həllinə çalışır və bu barədə üzərinə öhdəlik götürüb. Ardınca da, həyasız formada əlavə edib ki, Ermənistan münaqişənin həlli ilə bağlı separatçı rejimə təsirini gücləndirməkdədir. Erməni prezidentin həyasızlığı o həddə çatıb ki, azərbaycanlıların erməniləri ev-eşiklərindən qovmaqda günahlandırıb. Bir faktı da qeyd edək ki, Sarkisyanın çıxış etdiyi AŞPA 2005-ci ildə Ermənistanı işğalçı kimi rəsmən tanıyan xüsusi qətnamə qəbul edib. Hərbi xuntanın rəhbəri ardınca etiraf edib ki, 2016-cı ilin aprel ayında Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar onları şoka salıb. Belə görünür "aprel" sindromu hələ uzun müddət erməni cəmiyyətini gərginlikdə saxlamaqda davam edəcək.

Yeri gəlmişkən, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov AŞPA-nın iclasında çıxış edən Ermənistan prezidentinə cavab verib. S.Seyidov Ermənistan prezidentinin çıxışına toxunaraq onun dünya ictimaiyyətini aldatdığını bildirib: "Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsi barədə danışmadınız? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürüldü. Niyə etnik təmizləmə barədə danışmadınız? Hazırda siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Aİ, AŞ, digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz".  Öz növbəsində XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistan prezidentinin çıxışına münasibət bildirib. H. Hacıyev APA-ya deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi "ədalətin defisiti" ilk növbədə Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır. "Ermənistan AŞ-na üzv qəbul olunarkən münaqişənin həllinə dair üzərinə öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirməyib. AŞ üzv dövlətlər arasında vahid hüquqi məkanın formalaşdırılmasına məsul olduğu halda, Ermənistanın digər üzv dövlət olan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Güc tətbiq edərək digər dövlətin tanınmış sərhədlərini dəyişdirmək və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ümid etmək istərdik ki, AŞ-nın rəhbərliyi bu kimi məsələləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş bütün fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarını Ermənistan rəhbərliyi qarşısında qaldırıb. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyi bütün beynəlxalq ictimaiyyətə bəllidir və bu mövqe dəstəklənir. Azərbaycanın mövqeyinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan icması ilə birlikdə Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün mərhələli prosesin tərkib hissəsi kimi ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonlardan Ermənistan qoşunları çıxarılmalı, növbəti addımların atılması üçün zəmin yaradılmalıdır", - deyə o bildirib. Əlavə edib ki, AŞPA-dakı çıxışı ilə Ermənistan rəhbərliyi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Ermənistanda mövcud olan köklü siyasi, iqtisadi və sosial problemlərdən diqqəti yayındırmağa çalışıb. "Ermənistan rəhbərliyi nəhayət başa düşməlidir ki, nə qədər tez münaqişə həll olunarsa, bir qədər də tez Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana biləcək" - deyə XİN sözçüsü qeyd edib.