Amerikalı və britaniyalı könüllülər Suriyaya kürdlərin müdafiəsinə gedirlər


Digərləri 25 Yan 2018 22:05:00 254 0

Amerikalı və britaniyalı könüllülər Suriyaya  kürdlərin müdafiəsinə gedirlər

"The Daily Mail" qəzeti yazır ki, britaniyalı və amerikalı könüllülər kürdlərin tərəfində Türkiyəyə qarşı döyüşmək üçün Suriyaya səfər etməyə hazırlaşırlar. Onlar deyirlər ki, İŞİD-ə qarşı döyüşmüş kürdlərə kömək etmək onların mənəvi borcudur.

Mançester şəhərindən olan 24 yaşlı Çin əsilli britaniyalı Huanq Ley artıq Suriyadakı YPG qüvvələrinə qoşulub və deyir ki, onunla eyni dəstədə daha iki britaniyalı var.

Türkiyə Suriya kürdlərinin YPG birliklərini terrorçu təşklilat hesab edir, lakin bu qrup ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində onun əsas müttəfiqidir.

Türkiyə silahlı qüvvələri hazırda Suriyanın şimalında kürdlərin nəzarətində olan Afrin anklavına müdaxilə əməliyyatı aparır. Xəbər verilir ki, ötən şənbə Türkiyə qüvvələri Afrində ciddi müqavimətlə üzləşiblər.

Bu arada YPG öz sıralarındakı əcnəbni döyüşçüləri göstərən video yayıb. Bu döyüşçülərdən biri Amerika ləhcəsində danışır. O, YPG qüvvələri ilə birlikdə, özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmaya qarşı döyüşüb.

Videodakı amerikalı deyir: "Biz hamımız Afrinə gedib Türkiyənin müdaxiləçi qüvvələrinə qarşı döyüşməyə hazırıq".

"Biz bir xeyli vaxt təlim keçmişik. Biz YPG tərəfindən təchiz olunuruq və Türkiyə terrorçuları ilə döyüşə hazırlaşırıq, -həmin amerikalı deyib, - Biz Suriyada İŞİD-ə qarşı döyüşürdük, bir də eşitdik ki, Türkiyə Afrinə hücum edib və şəhəri bombalayıb. Biz ora getmək, şəhəri və sakinləri müdafiə etmək istəyirik".

Çin əsilli Ley Manchester Universitetinin beynəlxalq siyasət fakültəsində təhsil alıb. O, BBC-yə deyib ki, "Afrini müdafiə etməyi özünə borc sayır".