Qadınların əmək hüquqları ilə bağlı seminar keçirilib (FOTO)


Digərləri 25 Yan 2018 18:41:00 332 0

Qadınların əmək hüquqları ilə bağlı seminar keçirilib (FOTO)

Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdir.

Bakı. Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdir. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fikir Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Yevlax rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda təşkil edilən seminarda vurğulanıb. Xidmətin 8 saylı region (Yevlax, Goranboy, Mingəçevir, Naftalan) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və qadın işçilərin iştirakı ilə keçirilən tədbir müvafiq mövzuda maarifləndirmə məqsədi daşıyıb. Seminarda qeyd olunub ki, Azərbaycan ötən dövrdə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edib. Onların sırasında Beynəlxalq Əmək Təşkilatının “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında”, “Analığın mühafizəsi haqqında” Konvensiyaları da vardır. Milli əmək qanunvericiliyində də həmin sənədlərdən irəli gələn, qadınların digər sahələrdə olduğu kimi əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olduğunu nəzərdə tutan prinsiplər əksini tapıb. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununda da əmək fəaliyyətində kişi və qadınların bərabərliyinin təmin edilməsi işəgötürənin vəzifələri sırasında qeyd olunur.