AŞPA Komitəsi Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərarını pisləyib


Siyasət 25 Yan 2018 15:04:22 334 0

AŞPA Komitəsi Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərarını pisləyib

AŞPA-da "İsrail-Fələstin sülh prosesi: Avropa Şurasının rolu" adlı qətnamə qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində "İsrail- Fələstin sülh prosesi: Avropa Şurasının rolu" adlı qətnamə qəbul edilib. 

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, sənəd AŞPA-nın Siyasi və demokratik məsələlər üzrə komitəsinin hesabatı əsasında qəbul edilib.

Qətnamədə ABŞ prezidenti Donald Trampın 2017-ci il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıması, səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün tədbirlərin görülməsinə dair verdiyi bəyanat pislənilir.

AŞPA BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq hər iki tərəfi beynəlxalq hüququn normalarına riayət etməyə, sülhə təhlükə yarada biləcək birtərəfli qərar qəbul etməməyə çağırır, sülh naminə görülən tədbirlərin dayandırılmasına təəssüfləndiyini bildirir.

Sənəddə AŞPA üzvləri Fələstinin müstəqil dövlətə malik olmaq hüququnu tanıyırlar və İsraildən yeni koloniyalar yaratmağı, malik olduğu koloniyaları genişləndirməyi, yaşayış məntəqələrini dağıtmağı, əhalini güc yolu ilə qaçmağa məcbur etməyi, Qüdsün şərqi də daxil olmaqla işğal etdiyi torpaqlara sahib çıxmağı dayandırmağı tələb edir.

Qətnamə 79 nəfər lehinə, 24 nəfər əleyhinə, 16 nəfər bitərəf olmaqla qəbul edilib.