"Fenerbahçe"nin legioneri: "Robin Van Persinin getməsinə çox üzüldüm" - MÜSAHİBƏ


İdman 25 Yan 2018 13:44:00 277 0

"Fenerbahçe"nin legioneri: "Robin Van Persinin getməsinə çox üzüldüm" - MÜSAHİBƏ

"Fenerbahçe"nin 18 yaşlı yarımmüdafiəçisi Elif Elmas Türkiyə mətbuatına müsahibə verib. Goal.az makedoniyalı futbolçunun müsahibəsini təqdim edir.

- Makedoniya çempionatında "Rabotnicki"nin əsas komandasında oynamısan. 33 oyunda 6 qol, 7 məhsuldar ötürmənin müəllifi olmusan. Həmin təcrübə Türkiyə Superliqasına gəlməyinə nə dərəcədə kömək etdi?

- "Rabotnicki" klubuna çox təşəkkür edirəm. Mənə xeyli kömək etdilər, etimad göstərib şans verdilər. Əlimdən gələnin ən yaxşısını etmək üçün mübarizə apardım. Çox oyunda komandaya fayda verdim. "Fenerbahçe"də bundan artığını göstərmək istəyirəm.

- 2016-cı ildə Makdeoniyanın ən yaxşı gənc futbolçusu seçildin. Səni həmyaşıdlarından nə fərqləndirir?

- Çempionatda əsas komandanın formasını geyinən ən gənc futbolçu idim. Ona görə mükafatı mənə təqdim etdilər.

- Hansı klublar səninlə maraqlanırdı və hansı səbəbə "Fenerbahçe"ni seçdin?

- Məni heyətində görmək istəyən klublar çox idi. Amma o günlər keçmişdə qaldı. Keçmişi vərəqləməyi xoşlamıram. Önəmli olan bu gün və sabahdır. Yaxşı ki, "Fenerbahçe"ni seçdim. Bu klubda çox xoşbəxtəm.

- Türkiyəyə gəlməzdən öncə "Fenerbahçe" haqqında məlumatın vardı?

- "Sarı lacivərdlilər" dünyanın ən böyük klublarından biridir. Əlbəttə, klubu tanıyırdım. Uşaqlıqda "Fenerbahçe"nin oyunlarını izləyirdim. Türkiyədə vacib derbilər olur. Superliqanı seçməyimdə onların da təsiri var. İnşallah, artıq mən də həmin derbilərin iştirakçısı olacam.

- Bir müddət Türkiyə 1-ci divizionunda oynamalı oldun. Bu, sənə sıxıntı vermədi?

- Hansı oyunçu olsa, bundan narahatlıq keçirər. O günlər geridə qaldı. İndi əsas komandada oynayıram. Bundan sonra kollektivə nə verə biləcəyimi düşünməliyəm. Üzərimə düşən öhdəlikləri yerinə yetirəcəm.

- Özünü hansı tip futbolçu kimi təqdim edərdin? Atletik, texnikalı, hücuma yoxsa müdafiəyəmeyilli oynayırsan?

- Fikrimcə, hər bir peşəkar futbolçuda olan xarakterik xüsusiyyətlər məndə də mövcuddur. Hərtəfəli futbolçuyam, fərqli mövqelərdə oynamağı bacarıram. Meydanda mübarizə aparmağı sevirəm. Driblinq etməyi sevirəm, hər iki ayağımı işlədirəm. Ön xəttdə oynamağa üstünlük verirəm. Qolda pay sahibi olmaq məni çox sevindirir.

- Deməli, hücumçuların arxasında oynamağı sevirsən. "Fenerbahçe"də bu mövqedə Juliano çıxış edir...

- Bəli, ən yaxşı oynadığım mövqe oradır. Futbol təbirincə desək, "10 nömrəli futbolçu". Bundan sonra ən təsirli olduğum mövqe sol cinahdır.

- İstanbul klubu ilə danışıqlar prosesi necə keçmişdi?

- "Fenerbahçe"nin nümayəndələri gəldi və uzun söhbətimiz oldu. Təxminən 3 həftə görüşdük. Bu arada klubun basketbol komandasında oynayan Pero Antic də gəldi. Atam, mən, Antic və qarşı tərəflə müntəzəm görüşlər oldu. Sonda transfer həll olundu.

- Fatih Terim səni Türkiyə millisinə dəvət etmək istəyirdi. Amma Makedoniya millisində qalmağa üstünlük verdin...

- Düzdür, həmin vaxt təklif gəlmişdi. Bu işlərlə atam məşğul oldu. Son qərarı vermək mənə qaldı.

- Türkiyə səni istəyən başqa klub olub?

- 14 yaşımda "Bursaspor" mənimlə maraqlanırdı. Bir dəfə görüşdük. Sonra yenə istədilər, amma mən "Fenerbahçe"ni seçdim.

- Superliqada gərgin çempionluq mübarizəsi gedir. Bu yolda əsas rəqibləriniz.

- Doğrudan da, hər bir rəqib güclüdür. Səfərdə "Beşiktaş", "Başakşehir" kimi komandalarla qarşılacağıq. İnanıram ki, turnir cədvəlində üstdə qalacağıq. Yaxşı məşqçi, azarkeşlər, komanda daxilində gözəl atmosfer varsa, bunu bacarmaq çətin deyil. Çempionluq yarışının qızışdığı dönəmdə heyətə düşdüm. Həyəcanı sevirəm. Bu duyğu məni geri atmaz, əksinə, yuxarı qaldırar.

- Turnir cədvəlinin lideri "Başakşehir" haqqında nə düşünürsən?

- İkinci dövrəyə gücləndirilmiş heyətlə başladılar. Arda turan kimi önəmli futbolçunu transfer etdilər. O da "Bursaspor"a vurduğu qolla nə qədər vacib oyunçu olduğunu göstərdi.

- Komandada sənə ən çox kim kömək etdi?

- "Fenerbahçe"də ən kiçik mənəm. Hər bir komanda yoldaşım kömək edir - İsmail Köybaşı, Volkan Demirel... Robin Van Persi getdi, onun da çox köməyi dəyib.

- Burda olduğun müddətdə başqa klublarda hansı futbolçunu bəyənmisən?

- Cenk Tosunu. Onun "Everton"a gedişi ilə "Beşiktaş"ın hücum gücü biraz azaldı. Yenə də komandada Alvaro Neqredo kimi forvard var. Türkiyədə çıxış edən futbolçuların böyük əksəriyyəti səviyyəlidir.

- Robin Van Persinin gedişi sayəsində komandada 1 əcnəbi yeri yarandı və bu yeri sən tutdun. Van Persinin gedişi səni üzdü, yoxsa heyətə girməyin sevindirdi?

- Robinin getməsinə məyus oldum. O. böyük ulduzdur. "Manchester United", "Arsenal" kimi klublarda bir çox qol vurub. Onunla çalışmaq imkanı qazandığım üçün xoşbəxtəm. 6 ayda Van Persidən çox şey öyrəndim. Heyətə düşdüyüm qədər onun gedişinə də üzüldüm.

- Gələcəkdə Van Persi kimi futbol markası ola bilməzsən?

- Əlbəttə, bu arzunun reallaşmasına çalışıram. Böyük hədəflərim var. Böyük bir futbolçu, idmançı olmaq istəyirəm.