Super agent Feliçeviç Adi oyunçudan "menecer kralı”na çevrilən şəxs FOTO


Dünya 25 Yan 2018 13:30:00 242 0

Super agent Feliçeviç  Adi oyunçudan "menecer kralı”na çevrilən şəxs  FOTO

O, maşın yuyan uşağı dünyanın ən bahalı futbolçularınan birinə çevirib.

O, maşın yuyan yoxsul uşağı dünyanın ən bahalı futbolçularınan birinə çevirib.  Aleksis Sançesin "Mançester Yunayted"ə transferi onun agenti Fernando Feliçeviçi daha da məşhurlaşdırıb. Artıq 2 həftədir ki, bütün futbol aləminə səs salan bu transferin qəhrəmanlarından biri məhz odur.

Son.az xəbər verir ki, indi super agent hesab edilən Fernando Feliçeviç futbolla çox gec - 33 yaşında maraqlanmağa başlayıb. Uşaqlıqdan yalnız reqbi oynayan daha sonra Fernando "McCann Erickson" şirkətində reklamçı işləyib. F.Feliçeviç 33 yaşında dostunun sayəsində Sançeslə tanış olur və onunla işləmək istədiyini deyir. O zaman 15 yaşlı Sançes əvvəl menecerlə çalışmaq təklifini qəbul etmir. Gələcəyin ulduzunu yola gətirmək üçün Fernando futbolçunun çıxış etdiyi Çilinin "Kobreloa" klubunun oyunlarına getməyə başlayır, onun ailəsi ilə tanış olur. Kasıb ailədə yaşayan futbolçunun evi çox pis vəziyyətdə olduğundan Fernando öz hesabına ona ev tutur.

Aleksisin atası o, hələ dünyaya gəlməmiş ailədən ayrılıb. Anası onu və ailədəki daha  3 uşağı tənha böyütdüyündən bu adamın təklifini tez qəbul edib. Agentliyə yeni başlayan Feliçeviç Aleksisin ailəsinə xeyli müddət maddi kömək edib. Aleksis şəhərin kasıb məhəlləsində gildən, samandan və metal qırıntılarından hazırlanmış evdə yaşayırdı. Yeri gəlmişkən, həmin ev 2007-ci ildəki zəlzələ zamanı yerlə-yeksan olub. Boş vaxtlarında Aleksis qəpik-quruş qarşılığında qəbiristanlığın yaxınlığında avtomobil yuyub, anası isə xadimə işləyib və balıq satıb. Qazancı Aleksisə bəs etmədiyindən ona butsları şəhər meri hədiyyə etmişdi. Mer Aleksisin oynadığı "Arauko" komandasının vurğunu idi. Daha sonra Aleksis müsahibələrinin birində belə deyib: "Əslində, ayaqyalın oynamaq mənə öz üslubumu verdi. Bu kiçik tullanışlarla olan qaçışım məhz ordandır, axı mən ayağım daşlara dəyməsin deyə, üstündən tullanırdım". Sançesin anası qanunsuz balıq satışına görə 1000 dollar cərimələnəndə qadının həbs olunma təhlükəsi yaranır. Futbolçunun kifayət qədər pulu olmadığına baxmayaraq, gələcək agenti bu problemi də həll edir. O vaxtdan ailə Fernandonu təkcə agent yox, bir dost kimi qəbul edir. Nəhayət, Aleksis Sançes gələcək karyerasında vacib rol oynayacaq Fernando Feliçeviçlə müqavilə imzalayır.

Fernando  Feliçeviç 2006-cı ildə Aleksisi İtaliyaya "Udineze" komandasına gətirir və bununla da onun hər transferindən komisyon gəlir əldə edir. Məsələn, Sançesin "Barselona"ya 26 milyon, "Arsenal"a isə 42 milyon avroluq keçidinə görə o da yaxşı qazanc əldə edir.


Xəbərə aid fotolar