Sabah Bakıda qar yağacaq


Sosial 25 Yan 2018 12:49:12 270 0

Sabah Bakıda qar yağacaq

Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək

Sabah, yanvarın 26-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 26-da duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.