Millimiz yerini dəyişmədi


İdman 25 Yan 2018 11:00:00 294 0

Millimiz yerini dəyişmədi

Yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək futzal Avropa çempionatı ərəfəsində milli komandaların reytinq cədvəli açıqlanıb.

Goal.az xəbər verir ki, 2018-ci ilin əvvəlində keçirilən yoldaşlıq oyunları son siyahı ilə müqayisədə cüzi dəyişikliklərə səbəb olsa da, ilk “10-luq”dan sıralama əvvəlki kimidir.

Hazırda 10-cu sırada yer alan Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Lakin komandanın xal hesabı artıb. Bakıda qonaq olan İran yığması ilə 2 yoxlama matçı keçirən Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv qarşılaşmaların birində heç-heçə edib (3:3), digərində uduzsa da (1:4), aktivinə 2 xal əlavə edərək 1454-ə çatdırıb.

Siyahıya 1931 xalla Braziliya yığması başçılıq edir. Cənubi amerikalıları AVRO-2018-in final mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya kollektivi izləyir – 1878 xal. 1740 xala malik Rusiya ilk “üçlüy”ü tamamlayır.

Qitə çempionatında İspaniya və Azərbaycanla birgə D qrupunda çıxış edəcək Fransa isə 1256 xalla 20-ci pillədədir.

Qeyd edək ki, Azərbaycan millisi Fransa ilə fevralın 2-də, İspaniya ilə fevralın 4-də qarşılaşacaq.