Pediatr valideynlərə səsləndi: "Uşağa aylarla qurd dərmanı vermək doğru deyil"


Digərləri 24 Yan 2018 21:33:00 545 0

Pediatr valideynlərə səsləndi: "Uşağa aylarla qurd dərmanı vermək doğru deyil"

Demək olar ki, əksər uşaqlarda qurd probleminə rast gəlinir. Bəzən isə valideynlər bundan xəbərsiz olurlar ki, bu da uşağın sağlamlığı üçün zərərlidir. Bəs uşaqda qurd yaradan əsas səbəblər hansılardır? Qurd olduğunu hansı əlamətlərdən bilmək mümkündür? Problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Son.az ailem.az-a istinadən pediatr-neonatoloq Altay Abdullaoğlunun bununla bağlı fikirlərini diqqətinizə çatdırır. Həkim müxtəlif qurd növləri haqqında danışaraq deyir ki, enterobioz (tükşəkilli qurd) insana məxsus qurddur və insan bağırsaqlarında yaşayır. Bu qurd növünə ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda təsadüf edilir. Yoluxma insandan insanadır və dırnaq yemə, çirkli əllər, əllərin düzgün yuyulmaması, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır. Parazitin orqanizmə daxil olması ağız yolu ilədir: "Enterobioz əksər hallarda simptompsuz gedir. Bu, orqanizmdəki parazit sayından və immun sisteminin vəziyyətindən asılıdır. Əksər hallarda anal nahiyədə qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması, ağızdan su axması kimi əlamətlərlə özünü göstərə bilir. Lakin bu əlamətlərin olması qurdun olmasına mütləq əsas vermir. Çünki bu əlamətlər normal uşaqlarda da ola bilər və yaxud başqa xəstəliyin əlamətləri kimi də özünü göstərə bilir".

A.Abdullaoğlunun sözlərinə görə, qurd diaqnozu bütün dünyada ən dəqiq nəticə göstərən sellofan bant vasitəsilə qoyulur: "Anus ətrafındakı dəriyə şəffaf plastik bant yapışdıraraq mikroskop altında bantdakı qıl qurdu yumurtalarının incələnməsi aparılır. Sereloji analizlərin (qan analizi) qurd diaqnozu qoyulmasında heç bir rolu yoxdur. Parazit, adətən, yumurtaları gecə buraxdığına görə səhər nəcis ifraz etmədən və yaxud yuyunmadan nümunə götürülməlidir. Diaqnozun qoyulması üçün bu test bir neçə dəfə təkrarlana bilər. Bəzi hallarda anusun ətrafında yetkin qurdun görülməsi də diaqnoz qoyulmasına əsas verir".

O bildirib ki, qurdun müalicəsi olduqca asandır: "Bunun üçün uşağa aylarla qurd dərmanı verilməsi əsassızdır. Müalicə tək dozada qurd əleyhinə preparatın verilməsi və 14 gündən sonra dozanın təkrarlanması ilə aparılır. Lakin təkrar yoluxma halları tez-tez baş verir. Bu hallarda müalicə bütün ailə üzvləri arasında aparılır və gigiyenik qaydalara ciddi riayət edilməsi tövsiyə olunur".

Həkim daha çox yayılmış qurd növlərindən olan askarid - soxulcan şəkilli bağırsaq qurdu barədə də ətraflı məlumat verir: "Bağırsaqlarda yaşayır və nəcis vasitəsi ilə yumurtalarını xaric edir. Yoluxma kənardan qurd yumurtaları ilə çirklənmiş, təmiz yuyulmamış meyvə və tərəvəz, torpaqla çirklənmiş əllər vasitəsi baş verir. Əsasən, isti ölkələrdə, meyvə-tərəvəz yetişdirilməsi üçün insan nəcisindən gübrə kimi istifadə olunan bölgələrdə rast gəlinir. Qurd əsasən, bağırsaqlarda məskunlaşır. Yumurtalarını nəcis ilə xaric edir. Çox nadir hallarda qurdlar bağırsaqda toplaşaraq, bağırsaq keçməzliyi yarada və yaxud bağırsaq divarını deşib, qan vasitəsi ilə ağciyərlərə düşərək askarit pnevmaniyası (Loffler sindromu) kimi keçici bir ağciyər infiltrasiyası kimi ağırlaşmaları da ola bilər. Amma əsasən, simptomsuz gedişli olur. Bəzi hallarda uşaqlarda halsızlıq, ağızdan su axma, qarın ağrıları, diş qıcaması, tez-tez acma və s. kimi əlamətlər də ola bilir. Lakin bu əlamətlərin olması mütləq olaraq askaridə yoluxmanı göstərməz. Diaqnoz nəcisdə mikroskop vasitəsi ilə qurd yumurtalarının aşkarlanmasına əsaslanır. Qan analizi və ya xüsusi aparatlar vasitəsi ilə uşaqlarda askaridin təyin edilməsi doğru deyil".