Paytaxt klinikalarında "Checkup" qiymətləri 677 manatdan 39 manatadək dəyişir


Digərləri 24 Yan 2018 19:18:00 459 0

Paytaxt klinikalarında "Checkup" qiymətləri  677 manatdan 39 manatadək dəyişir

Həkimlərin məşhur bir sözü var: "Profilaktika həmişə müalicədən daha yaxşıdır". Statistik rəqəmlər də təsdiqləyir ki, vaxtsız ölümlərə yol açan əsas səbəb də, elə bir sıra xəstəliklərin vaxtında aşkarlanmamasıdır. Odur ki, bu səbəbdən də həkimlər  əhaliyə "check-up"- dan keçməyi məsləhət görürlər. Son günlər cavan insanların qəfil ürək tutmasından dünyasını dəyişməsi də "check-up"- müayinə məsələsini gündəmə gətirir. Bəs görəsən"check-up" müayinə paketi Azərbaycanda pasiyentlərə neçəyə başa gəlir?

Son.az xəbər verir ki, movqe.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün paytaxtda fəaliyyət göstərən özəl klinikalarla əlaqə saxlayıb.

Apardığımız kiçik araşdırma zamanı bəlli olub ki, paytaxtdakı pullu klinikaların bir hissəsi pasiyentlərə "check-up" müayinə paketi təqdim etmir. Əlaqə saxladığımız klinikalardan bunu, "check-up"- müayinələrə pasiyentlərdə marağın olmaması ilə izzah etdilər. "Çheck-up"- müayinə paketi təqdim edən özəl klinikalarda isə qiymətlər paketə daxil edilən xəstəliklərə görə dəyişir. 

N.Tusi klinikasından bildirdilər ki, tibb müəssisəsində pasiyentlərə iki cür "check-up"- müayinə təklif edilir: " "Check-up"- müayinə paketimizin biri sadədir. Sadə "check-up"- müayinə qadınlar üçün 209 manata, kişilər üçün isə 219 manata başa gəlir. Bu paketə EKQ, UZİ, döş qəfəsinin rentgen müayinəsi, qanın, sidiyin ümuni analizi, qanda şəkər, terapevtin müayinəsi daxildir. Amma kim ətraflı müayinə olunmaq istəyirsə digər "check-up"- müayinə paketinə müraciət edə bilər. Ətraflı "check-up"- müayinə kişilər üçün 536 manat, qadınlar üçün isə 677 manat təşkil edir".

Klinikadan qadınların "check-up"- müayinəsinin qiymətində kişilərlə müqayisədə fərqin olmasını ginekoloq müayinəsi ilə izzah etdilər.

"Qrand Hospital"da isə fərqli "check-up"- müayinə paketləri təqdim edildiyini bildirdilər. Öyrəndik ki, bu özəl klinikada terapevtik "check-up"- müayinə 98 manatdır: "Dietoloji və hemotoloji  "check-up"- müayinə isə 60 manata başa gəlir".

"Avrasiya" klinikasında isə terapevtik "check-up"- müayinə 50 manatdır. Bura ağciyərin rentgeni, EKQ, qarın boşluğunun UZİ müayinəsi, qanın və sidiyin ümumi analizi, qanda şəkər və terapevtin müayinəsi daxildir.

"Sağlam Ailə" klinikasında isə 49 manata terapevtik "check-up"- müayinə mümkündür. Bu müayinə paketinə də  döş qəfəsinin rentgeni, EKQ, qarın boşluğunun UZİ müayinəsi, qanın və sidiyin ümumi analizi, qanda şəkər və terapevtin müayinəsi daxildir.