Sumqayıt Kimya Sənaye Parkında bu il daha 6 müəssisə fəaliyyətə başlayacaq (FOTO)


Digərləri 24 Yan 2018 18:00:00 247 0

Sumqayıt Kimya Sənaye Parkında bu il daha 6 müəssisə fəaliyyətə başlayacaq (FOTO)

Sumqayıt Kimya Sənaye Parkında daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.

Bakı. Sumqayıt Kimya Sənaye Parkında daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında deyib. Ş.Mustafayev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin ötən il sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirdiyini, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, sərmayə qoyuluşlarının artırılması, xarici borcların azaldılması, Dövlət İnvestisiya Proqramı çərçivəsində infrastruktur layihələrinin icrası, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin bu ilin birinci yarısında istifadəyə verilməsi, sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, 10 yeni xalça fabrikinin açılması və ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılması və iş yerlərinin bağlanması səbəblərinin təhlili, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi istiqamətlərində tapşırıqlar verib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında həmçinin, sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması, məktəblərin, uşaq bağçalarının sayının artırılması və təmiri, məktəblərin tikitntisi və təmiri, yeni xəstəxanaların və olimpiya İdman komplekslərinin istifadəyə verilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlərin görülməsi, idxaldan asılılığın azaldılması, ən azı 100 min hektar torpağa suvarılma suyunun verilməsi, 300 subartezian quyusunun qazılması, fındıqçılığın, zeytunçuluğun inkişafı, tütünçülüyün bərpası və tütünün nəinki xammal, həm də hazır məhsul kimi ixracı, arıçılığın ixrac potensialının genişləndirilməsi, turizmin inkişafı, ixracın həcminin artırılması, ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə ixracın genişləndirilməsi və s. tapşırıqlar verib. İqtisadiyyat Nazirliyinin ötən il ərzində gördüyü işlərdən danışan nazir qeyd edib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və sahəvi dövlət proqramlarının, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilir. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2017-ci ildə tikinti materialları, mədənçıxarma, elektrik enerjisi və digər məhsulların istehsalı, eləcə də emal üzrə yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilir. 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə - “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, "MST Engineering Services" MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, "Alco Lubricant" MMC-nin sürtkü yağları istehsalı zavodu və “STDC” MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. SKSP-də daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq. Ümumilikdə, SKSP-nin 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.