Bakı Slavyan Universitetində İctimai Etimad Şurası yaradılıb FOTO


Digərləri 24 Yan 2018 15:14:00 528 0

Bakı Slavyan Universitetində İctimai Etimad Şurası yaradılıb  FOTO

Yanvarın 24-də Bakı Slavyan Universitetində ilboyu və imtahan sessiyaları dövründə biliyin obyektiv qiymətləndirilməsi, tələbə və valideynlərin müraciətlərinə münasibətdə şəffaflığın, ədalətin təmin edilməsi məqsədilə İctimai Etimad Şurası yaradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Şuranın koordinatoru seçilib. Trend İnformasiya Agentliyinin Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Respublika Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan, millət vəkili, əməkdar jurnalist Sahib Alıyev, Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin İdarə Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm, Təhsil Departamentinin direktoru Rauf Rəcəbov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in müxbiri Sevinc Mürvətqızı Şuranın üzvləri seçiliblər.

İctimai Etimad Şurasının üzvləri BSU-nun rektoru, professor Nurlana Əliyevanın, prorektorlar Rafiq Novruzov, Telman Cəfərov, Xanım Sultanova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Quliyevin qatıldığı "dəyirmi masa"da təhsilimizin real vəziyyəti və Şuranın gələcək fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə çıxış edən BSU-nun rektoru universitetdə həyata keçirilən quruculuq işləri, mənəvi mühitin sağlamlaşdırılması məqsədilə görülən tədbirlər barədə Şura üzvlərinə qısa məlumat verib. O, cəmiyyətimizdə ictimai rəyin son dərəcə böyük rol oynadığını, obyektivliyin və şəffaflığın təmin edilməsinin məhz ictimai nəzarətdən keçdiyini vurğulayıb. Rektor Şura üzvlərini universitetdə təkcə imtahan sessiyası dövründə deyil, hər zaman görmək istədiyini bildirib.