Əmlak Məsələləri Dövlət Komitəsində gündə 100-dən çox müraciət cavablandırılır


Digərləri 24 Yan 2018 14:54:39 276 0

Əmlak Məsələləri Dövlət Komitəsində gündə 100-dən çox müraciət cavablandırılır

Əmlak Məsələləri Dövlət Komitəsi vahid çağrı mərkəzi və onlayn resurslar vasitəsilə gün ərzində 100-dən çox müraciəti cavablandırır.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi vahid çağrı mərkəzi və onlayn resurslar vasitəsilə gün ərzində 100-dən çox müraciəti cavablandırır. Bu barədə Trend-ə Komitədən məlumat verilib. Bildirilir ki, Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Daşınmaz əmlak və torpaq idarəçiliyi, özəlləşdirilmə, kadastr sahəsində və digər sahələrdə yaranan suallar 193 vahid çağrı mərkəzi, onlayn resurslar vasitəsilə tez bir zamanda cavablandırılır. Komitənin facebook (https://www.facebook.com/emlakkomitesi/) və instagramdakı (https://www.instagram.com/emlakkomitesi/) səhifələri, həmçinin emdk.gov.az veb saytının onlayn müraciət və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsi ilə əhalinin suallarının cavablandırılması işləri daha rasional aparılır. Komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlərin cavablandırılmasını həyata keçirən 193 vahid çağrı mərkəzi ötən ilin sonlarında istifadəyə verilməsinə baxmayaraq bu işlərin daha da təkmilləşdirilməsinə şərait yaradıb. Ümumilikdə, ötən il çağrı mərkəzi, onlayn çat vasitəsi ilə 5 min-dən çox müraciət daxil olub. Onların 4 min 500-ə yaxını 193 vahid çağrı mərkəzinin, 800-dən çoxu sosial şəbəkələrin və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 4 minə yaxını Bakıdan, 1200-dən çoxu isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 1000 müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb. Statistikaya görə, 2017-ci il ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə, müraciətlərin 4500-dən çoxu (87%) sorğu tiplidir. Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən, paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Bu kateqoriya üzrə müraciətlərin 80%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.