“Cümhuriyyət ili” ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı olacaq


Digərləri 24 Yan 2018 13:05:00 265 0

“Cümhuriyyət ili” ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı olacaq

Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır.

AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma  üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir.

İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri  ilə əlaqələrin genişləndirilməsini zərurətə çevrimişdir. İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti ili elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatları daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranmışdır. "Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili  elan edilməsi haqqında"  2018-ci il 10 yanvar tarixli  Sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur.