Axtarışlarda iştirak edən alpinist: "Çox müəmmalı hadisədir..."


Digərləri 24 Yan 2018 08:15:00 233 0

Axtarışlarda iştirak edən alpinist: "Çox müəmmalı hadisədir..."

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir.

Son.az bildirir ki, bu barədə Trend-ə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də axtarışlar üçün normaldır. Axtarışlar helikopter və canlı qüvvə vasitəsilə aparılır. Çox müəmmalı hadisədir. Bütün mümkün olan yerlər axtarılır. Heç bir iz yoxdur. Qəbələ rayonu ərazisində axtarışların aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Əsasən Xınalıq və Tufandağ istiqamətində axtarışlardan məlumatlıyam".

Z.Qasımlı bildirib ki, hazırda axtarışlar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, yerli və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən aparılır: "Mütəxəssislər xüsusi texnika ilə təchiz olunublar. Axtarışlar üçün xaricdən əlavə mütəxəssislərin gələcəyi barədə məlumatım yoxdur. Bir müddət əvvəl alpinistlərin izlərinin olduğu ehtimal olunan yerlər təkrar bir neçə dəfə axtarılıb və hələ də axtarışlar davam edir. Bütün ehtimallar araşdırılır. Hələlik heç bir nəticə yoxdur".