Distant müalicə məqsədəuyğundurmu?


Digərləri 24 Yan 2018 07:41:00 232 0

Distant müalicə məqsədəuyğundurmu?

Həkimlərimiz Rusiya təcrübəsini qəbul etmir, birbaşa təmas olmadan müayinə və müalicə aparılmasını doğru saymırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Artıq xəstələr həkimin məsləhətini internet vasitəsilə ala biləcəklər. Həkim müalicə üçün yazdığı resepti isə xəstənin elektron ünvanına yollayacaq". Çoxdandır ki, Rusiya Səhiyyə Nazirliyinin və tibb ekspertlərinin üzərində çalışdığı "Teletibb haqında"qanun, nəhayət qüvvəyə minib. "Əvvəla, bunu televiziya ilə dəyişik salmaq lazım deyil. Çünki bu, həkimlər haqqında hər hansı veriliş yox, uzaqda olan pasiyentə videoməsləhətdir" - deyə ekspertlər əhaliyə səsləniblər. Ölkədə teletibbə icazə verən qanunun praktikada necə həyata keçiriləcəyi isə maraq doğurur. Belə ki, pasiyentlər və həkimlər üçün yeni imkanlar açan sənəd optimist gözləntilərlə yanaşı, insanları ehtiyatlı olmağa da çağırır. 

Sənədin hazırlanmasında iştirak edən tibb elmləri doktoru, professor Sergey Morozov"ilk növbədə bu, "həkim-həkim" formatında məsləhətdir. Bu cür məsləhətlər çox vaxt xəstələrin pulsuz müalicəsini tələb edir" - deyə bildirib: "Elə hallar var ki, nəhəng tibb mərkəzlərinin həkimləri xəstənin sənədlərinə, analizlərinin cavablarına baxmalıdırlar. Pasiyentlər bunun üçün birbaşa həkimin qəbuluna gəlməyə məcburdurlar. İndi isə müayinələr vaxt, enerji və vəsait sərf etmədən məsafədən (distant) həyata keçiriləcək. Bu, xüsusən uzaq məsafələrdən həkimə gələn pasiyentlər üçün sərfəli olacaq. Bunun üçün isə xəstə ilkin olaraq həkimin qəbulunda olmalı, təkrar müalicələrini videoməsləhətlə almalıdır". Bundan əlavə, tibb işçiləri pasiyentin sənədləri ilə distant işləmək üçün İcbari Sığorta Fondunun tarifləri üzrə tam məbləğdə əməkhaqqı alacaqlar. Bu zərurət, şərait və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı məsələnin operativ həllində əlavə motivasiya olacaq. Həmçinin həkimləri pasiyentlərlə müntəzəm və məsuliyyətlə işləməyə sövq edəcək. 

Digər əlverişli xidmət isə xəstələrin sağlamlıq vəziyyətinə distant nəzarətdir. Yəni pasiyent xəstəliyi haqqında məlumatları elektron şəkildə həkimə göndərir. Bu, analizlərin, müayinənin, USM və ya MRT-nin cavabı ola bilər. Hətta bu, pasiyentin şəkərinin, qan təzyiqinin, ürək ritminin və s. nəticəsi ilə bağlı cavablar da ola bilər. Həkim nəticələri analiz edib internet üzərindən müalicə yazacaq. Hətta yenidən elektron resept yazmaq üçün əlavə gün də təyin edəcək: "Bütün bunlar xəstənin həkimlə ilk dəfə görüşməsindən sonra mümkündür. Çoxları hesab edir ki, həkimə özünün analizlərinin nəticələrini göndərməklə və kompyuterin kamerasının qarşısında oturmaqla ona diaqnoz qoyulacaq. Ancaq qanun buna icazə vermir. Əgər bir insan qolunu sındırıb həkimə gedir və onu rentgen edib gips qoyurlarsa, o zaman mütəmadi olaraq həkimlə əlaqə saxlaya bilər və teletibb texnologiyaları vasitəsilə onun vəziyyəti nəzarətdə saxlanılar. Yalnız o halda ki, pasiyent özünü normal hiss etsin və yeni əl hərəkətlərinə ehtiyac duymasın. Bir sözlə, söhbət həkim qəbulunda olub, artıq diaqnoz qoyulan xəstələrin müalicəsindən gedir". 

Sənəddə, həmçinin xəstənin müayinə və analizlərinin cavablarının bir xəstəxanadan digər bir tibb mərkəzinə göndərilməsi də yer alıb. "Xəstəlik tarixçəsini haradan almısınızsa, ora da gedin". Pasiyentlər tez-tez bu sözlərlə qarşılaşırlar. Əgər başqa bir tibb mərkəzində həkim məsləhəti lazım olursa, pasiyent kuryer kimi analizlərin cavabını yenidən həmin ünvana daşımalıdır. İndi isə xəstənin bütün tarixçəsi elektron formada bir tibb laboratoriyasından digər bir xəstəxanaya göndəriləcək. Bu, həmçinin pasiyentlər üçün ən yaxşı tibb mütəxəssislərinə operativ çıxış yaradacaq.  

Distant konsultasiya məqsədəuyğundurmu?

Rusiyada qəbil olunan "Teletibb haqqında" qanunun praktikada tətbiqinin necə həyata keçirilməsi təbii ki, özünün müsbət və ya mənfi tərəflərini göstərəcək. Əlbəttə, pasiyentin vaxtını, yollara sərf etdiyi enerjini, əsəbi, eləcə də xərclədiyi vəsaiti nəzərə almaq çox yaxşıdır, Amma məsələnin əsas tərəfi xəstənin həkimlə üz-üzə oturmadan distant müayinə və ya müalicə ala bilməsidir. Distant həkim məsləhəti, məsafədən müayinə və müalicə nə qədər məqsədəuyğundur?