Ermənistan yenə də cəbhədə vəziyyəti gərginləşdirir


Siyasət 24 Yan 2018 07:14:00 303 0

Ermənistan yenə də cəbhədə vəziyyəti gərginləşdirir

Politoloqların fikrincə, Minsk qrupunun həmsədrləri qətiyyətli mövqe ortaya qoymalıdırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı yanvarın 18-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə növbəti dəfə Polşanın Krakov şəhərində münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşü keçirilib. Minsk qrupu həmsədrlərinin verdiyi bəyanat da qeyd edilir ki, bu görüş zamanı tərəflər arasında atəşkəs rejiminə əməl olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmsədrlər belə hesab edib ki, faktaraşdırıcı missiya da yenidən fəaliyyətə başlasın. Lakin xarici işlər nazirlərinin görüşündən sonra təmas xəttində vəziyyət yenidən gərginləşməyə başlayıb. Ermənistanın cəbhədə təxribatlarının sayını artmağa başlayıb. ATƏT-in Minsk qrupu həmsədrləri isə hələ ki məsələyə münasibət bildirməyib.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə müəyyən intensivlik müşahidə olunmağa başladıqda Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsin pozulması ilə bağlı addımlar atır: "Eyni zamanda, təmas xəttində yeni təxribatlar törədirlər. Bu dəfə də istisna olmadı. Bilirsiniz ki, yanvarın 18-də Polşanın Krakov şəhərində xarici işlər nazirləri səviyyəsində görüş baş tutdu. Bu görüşün ardınca Minsk qrupu həmsədrləri bəyanatla çıxış etdilər. Bu bəyanatdan məlum oldu ki, onlar cəbhə xəttində vəziyyətin normallaşmasından məmnundurlar və tərəfləri atəşkəsi bundan sonra da qoruyub saxlamağa çağırdılar. Amma göründüyü kimi, Ermənistan tərəfi yenə öz köhnə ampluasındadır, yenə də atəşkəsi intensiv şəkildə pozurlar. Bununla da həmsədrlərin bəyanatlarında səslənən fikirlərini alt-üst etmiş olurlar. Hesab edirəm ki, Ermənistanın bu davranışını şərtləndirən əsas səbəblərdən biri də odur ki, son bəyanatda da həmsədrlər yenə də ünvansız mövqe ortaya qoyublar. Həmsədrləri bəyanatında onu da qeyd etmişdilər ki, faktaraşdırıcı missiyanın yenidən göndərilməsi ilə bağlı mövqeyi təkrarlamaq istəyirlər və bu, gündəmin əsas məsələlərindən birinə çevrilib. Amma burada cümlə "Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il sahə qiymətləndirmə missiyasının inkişaf etdirilməsinin mümkünlüyünü bir daha müzakirə etməkdə maraqlı olduqlarını bildiriblər" kimi gedir. Məgər cümlədə "işğal olunmuş ərazilər" yazmaq bu qədərmi çətindir? Təəssüflər olsun ki, həmsədrlər qeyd etdiyim kimi məsələyə açıq mövqe nümayiş etdirməyiblər. Təbii ki, bu da qarşı tərəfi arxayınlaşdırır və atəşkəsin növbəti dəfə pozulmasına gətirib çıxarır. Ona görə də hesab edirəm ki, həmsədrlər qətiyyətli mövqe ortaya qoysun və işğalçını öz adı ilə çağırsın. Belə olmayan təqdirdə erməni tərəfində arxayınçılıq yaranır. Onda atəşkəsi pozacaqlar və arxayındırlar ki, həmsədrlər ancaq bəyanat verəcəklər, Ermənistanda nədə isə ittiham olunmayacaq. Hesab edirəm ki, bu arxayınçılıq son nəticədə Ermənistanın qeyri-konstruktiv mövqeyini şərtləndirir".

E.Nəsirovun sözlərinə görə, kimlərsə düşünürsə, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş münaqişə"dir, yanılır: "Münaqişə dondurulmayıb və bunu aprel döyüşləri bir daha təsdiqlədi. İstənilən vaxt münaqişə müharibəyə çevrilə bilər. Eləcə də istənilən vaxt hərbi əməliyyatlar start götürər. Həm də hərbi əməliyyatların başlanması daha asandır, nəinki onun dayandırılması. Ona görə də hesab edirəm ki, bu məsələlərdə həmsədrlər qətiyyətli mövqe ortaya qoymalıdırlar. Bu olmayacağı təqdirdə istənilən an hərbi əməliyyatlar başlaya bilər. Bunun məsuliyyətini isə ilk növbədə Ermənistan çəkəcək. Onun davranışının məsuliyyəti isə biganə qalan beynəlxalq ictimaiyyət və xüsusilə ATƏT-in Minsk qrupunun üzərinə düşəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan Dağlıq Qarabağ problemində mövcud status-kvonun əleyhinədir: "Biz vəziyyətin dəyişməsini, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını istəyirik. Krakovda isə ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisindəki şəxsi heyətin artırılması ilə bağlı guya razılaşma əldə olunub. Amma bu necə razılaşmadır ki, cəbhə bölgəsində vəziyyət yenə də gərgindir. 2016-cı ilin aprelində də eyni hadisə baş vermişdi, ermənilər təxribat törətmişdilər. Azərbaycan  isə buna cavab olaraq, əks hücumla torpaqların bir hissəsini azad etmişdi. İndi də hadisələrin inkişafı o istiqamətdə gedir".

E.Şahinoğlunun fikrincə, ermənilərin törətdiyi təxribatlar sonda ona gətirib çıxaracaq ki, Azərbaycan yenə də döyüş meydanına atılaraq daha çox əraziləri azad etməli olacaq: "Açıq danışsaq, əslində atəşkəsin uzanması bizim maraqlara cavab vermir. Sülh danışıqları nəticə vermirsə, hərbi təzyiqləri artırmaq lazımdır. Misal üçün, ermənilər deyir ki, guya Azərbaycana məxsus pilotsuz təyyarələr cəbhə bölgəsində uçur. Belə baxanda, ora bizim ərazimizdir və nə istəsək edə bilərik. Orada pilotsuz təyyarələrimiz uça bilər və heç bir halda Ermənistanın sərhədlərini pozmuruq. Biz əbədiyyətə qədər belə bir öhdəlik götürməmişik ki, işğala dözməliyik, atəşkəsə riayət etməliyik. Xeyr! Əgər danışıqlarda nəticə yoxdursa, işğalçıya hərbi təzyiq artırılmalıdır".