AŞPA tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyir


Dünya 24 Yan 2018 01:09:30 293 0

AŞPA tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyir

Ukraynada müharibənin humanitar nəticələrinə dair qətnamə qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Ukraynada müharibənin humanitar nəticələrinə dair qətnamə qəbul edilib.

"Report"un Fransa bürosunun məlumatına görə, qətnamədə 2067 saylı qətnamənin 2015-ci ildə qəbul edilməsindən keçən müddət ərzində Ukrayna ərazisində gedən silahlı münaqişə zamanı girov götürülən şəxslərin dəyişdirilməsi və ya azad edilməsi istiqamətində heç bir addım atılmamasından təəssüf hissi ifadə olunur.

Bundan əlavə, Assambleya Krımın demoqrafik tərkibinin dəyişdirilməsinə, habelə tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyib.

Sənəddə, həmçinin bildirilir ki, Ukraynada müharibə nəticəsində məcburi köçkün düşmüş insanların vəziyyəti dövlətin başlıca problemləri siyahısına daxil edilməlidir. Assambleya münaqişə tərəflərini itkin düşmüş insanların ailələrinə onları tapmaqda yardım etməyə çağırır.

Qətnamədə, həmçinin Rusiyaya Donetsk və Luqansk ərazisində fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara maliyyə və silah yardımı göstərilməsini dayandırmaq çağırışı edilib.

Qətnamə 66 nəfərdən 55 nəfəri lehinə, 10 nəfər bitərəf, əleyhinə 0 olmaqla qəbul edilib.