Ermənistanın növbəti prezidenti də Sarkisyan olacaq?


Dünya 23 Yan 2018 22:25:00 238 0

Ermənistanın növbəti prezidenti də Sarkisyan olacaq?

Ermənistanın hakim Respublikaçılar Partiyası gələcək ölkə prezidenti vəzifəsinə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini təklif edir.

Bu qərar ERP idarə heyətinin bu həftəsonu keçirdiyi toplantısında qəbul olunub.

Hakim partiyanın lideri, prezident Serj Sarkisyan səfir Armen Sakisyanı qəbul edib və ona namizədliyinin parlamentdə çoxluq təşkil edən Ermənistan Respublikaçılar Partiyası tərəfindən irəli sürülməsinə razılıq verməyi təklif edib.

Armen Sarkisyan son cavabını vermək üçün parlament, qeyri-parlament, işgüzar və ziyalı adamlarla, siyasi və qeyri-siyası təşkilat, erməni diasporu və Dağlıq Qarabağ nümayəndələri ilə görüşmək üçün vaxt istəyib.

Niyə Armen Sarkisyan?

Cari ilin aprel ayında Serj Sarkisyanın prezidentlik müddəti başa çatır və o, üçüncü dəfə bu vəzifəyə iddia edə bilməz. Növbəti prezident seçkiləri artıq martın 2-də keçirilməlidir.

Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının təşəbbüsü ilə təklif edilmiş və 2015-ci ildə qəbul olunmuş yeni ölkə konstitusiyasına əsasən, prezident birbaşa ümumxalq səsvermə nəticəsində deyil, parlament tərəfindən seçilir.

Odur ki, Milli Məclisdə çoxluq təşkil edən hakim ERP-nin öz namizədini irəli sürüb, onun qələbəsini təmin etmək imkanları böyükdür.

Hələ ötən həftə ziyalılarla görüşü zamanı hakim partiyanın rəhbəri, prezident Serj Sarkisyanın gələcək namizədin keyfiyyətləri barədə fikrini bildirmişdi.

Serj Sarkisyanın sözlərinə görə, gələcək prezident ölkəni xaricdə layiqincə təmsil etməyə qabil olan, ölkədə və xaricdə tanınmış, Ermənistanda və diaspor soydaşları arasında geniş əlaqələrə və nüfuza malik, xarici dillərini bilən şəxs olmalıdır.

Bundan başqa, Sarkisyan istərdi ki, namizəd qərəzsiz, bitərəf, siyasıtlə məşğul olmayan insan olsun.

Prezident Sarkisyanın mülahizələri onun, həmçinin, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanı nəzərdə tutduğunu ehtimal etməyə əsas vermişdi.

Armen Sarkisyan kimdir?

Ermənistanın Böyük Britaniyadakı səfirinin 65 yaşı var. O, nəzəri fizika və riyaziyyat ixtisası üzrə Yerevan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib.

1984-1995-ci illərdə gənc alim kimi Cambridge Universitetində dərs deyib.

Armen Sarkisyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun və Britaniya Astronomiya Cəmiyyətinin üzvüdür. Nəzəri fizika, astrofizika və kompüter modelləşdirilməsi üzrə 50-də çox elmi məqalə və 3 dərslik vasitəsinin müəllifidir.

1992-cu ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderlandlar, Lüksemburq və Vatikanda səfiri olub.

1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub.

Armen Sarkisyan 2001-2013-cü illərdə "British Petroleum", "Alcatel", "Telefonica", "Merrill Lynch" və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb.