Tərtərdə piyadanı vurub öldürən sürücü həbs edilib


Sosial 23 Yan 2018 17:31:08 289 0

Tərtərdə piyadanı vurub öldürən sürücü həbs edilib

İş üzrə istintaq tədbirləri davam etdirilir

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədən sürücü həbs edilib.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin M.Əhmədov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M.Əhmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.