Prokuror DTX-nın həbs etdiyi gömrük əməkdaşı və digərlərinə cəza istəyib


Sosial 23 Yan 2018 14:48:41 260 0

Prokuror DTX-nın həbs etdiyi gömrük əməkdaşı və digərlərinə cəza istəyib

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri - İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibovun hər birinin 6 il 6 ay və Kamran Əhmədovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları - Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Daha sonra onların barələrində həbs qətimkan tədbiri seçilib.