Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri İordaniya şahzadəsi ilə görüşüb
Sosial 23 Yan 2018 14:39:41 278 0
Görüşdə İordaniya rəsmiləri iştirak edib
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinə ərəb dünyasının siyasətçiləri ilə yanaşı, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya və Latviyanın keçmiş prezidentləri Boris Tadiç, Petar Stoyanov, Viktor Yuşenko, İvo Yosipoviç, Valdis Zatlers, həmçinin, Çexiya, Bosniya və Herseqovinanın keçmiş baş nazirləri Jan Fişer, Zlatko Laqumciya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov daxildir.
İordaniya rəsmilərilə görüşlərdə əsasən, Fələtin-İsrail sülh danışıqları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verə biləcəyi töhfələr müzakirə edilib. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması Fələstin-İsrail probleminin həllindən keçir. Həmçinin, bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə də fikir mübadilə aparılıb.
Görüşlərdə martın 15-17 Bakıda keçiriləcək VI Qlobal Bakı Forumuna hazırlıq və İordaniya rəsmilərinin Forumda iştirak məsələləri geniş müzakirə olunub.
Qeyd edək ki, I Qlobal Bakı Forumunda İordaniya Kraliçası Nur, digər Forumlarda isə İordaniya Senatının prezidenti (Taher Masri, Abdelraouf al-rawabdeh, Faisal El-Fayez) senat üzvləri və sabiq başnazilərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Xatırladaq ki, Yaxın Şərqdə dialoqun təşviq edilməsi məqsədilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzini nümayəndə heyətini Kral II Abdulla da qəbul edib.