DTXnın tutduğu “jurnalistlər”in işində “ailə sirri”...


Kriminal 23 Yan 2018 13:02:00 478 0

DTXnın tutduğu “jurnalistlər”in işində “ailə sirri”...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.  

Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirri olduğu və vəzifəli şəxslərin adı keçdiyi üçün məhkəmənin qapalı keçirilməsini istəyiblər. 

Məhkəmə kollegiyası vəsatəti qismən təmin edib və bildirilib ki, ailə sirri olan epizodlar müzakirə edilərkən həmin iclas qapalı keçiriləcək. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib və prokuror çıxış edərək ittiham aktını elan edib. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib. 

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 

***

S. Əliyev 47, H. Nəcəflinin 46 epizodda ittiham edildiyi açıqlanıb.