Ramil Usubov: "İnsanlara həssas münasibət və qayğı polisin nüfuzunu daha da yüksəldir"


Digərləri 22 Yan 2018 18:07:00 314 0

Ramil Usubov: "İnsanlara həssas münasibət və qayğı polisin nüfuzunu daha da yüksəldir"

Yanvarın 22-də Əlahiddə Çevik Polis Alayında 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib. Gündəlik və reqlament təsdiq edildikdən sonra Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Şəxsi heyətin ötənilki uğurlarından danışan Z.Abdullayev qeyd edib ki, hesabat dövründə Alayın sərbəst güləş, estafet qaçışı, silahsız özünümüdafiə, sambo, cudo üzrə komandaları müxtəlif turnirlərin qalibi olub, bir neçə əməkdaş mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.

DİN rəhbərliyinin Əlahiddə Çevik Polis Alayına göstərdiyi gündəlik diqqət və qayğının, onun inkişafı üçün verilən qərarların əməkdaşlar tərəfindən dərin minnətdarlıqla qarşılandığı xüsusilə vurğulanıb.

Məruzə ətrafında çıxış edən patrul bölüklərinin komandirləri görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

General-polkovnik R.Usubov Alay rəhbərliyindən şəxsi heyətin xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsinin, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsinin, ən əsası, onların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsinin vacibliyini nəzərə çatdırıb.