Bizim bildiyimiz ərəb sirri:


Siyasət 22 Yan 2018 16:20:00 283 0

Bizim bildiyimiz ərəb sirri:

Səudiyyə Ərəbistanı tarixinin çətin, amma maraqlı dönəmlərindən birini yaşayır. Əsas odur ki, yeniliklərin kəmiyyəti keyfiyyəti üstələməsin.

"Səudiyyə Ərəbistanı hakimiyyət dairələri rüşvətxorluq və korrupsiyada ittiham olunan şahzadələrdən 100 milyard dolları alıb büdcəyə qaytarmaq niyyətindədir".

Bloomberg-in yaydığı məlumat belədir.

Ər-Riyaddakı beşulduzlu "Ritz-Carlton" otelində "mehmanxana dustağı" qismində saxlanan şahzadələr, nazirlər və ilaxırlarla danışıqların bu ayın sonunadək başa çatacağı təxminlənir.

Artıq 90 nəfər hakimiyyətin şərtlərini qəbul edib, yəni pul ödəyib azadlığa çıxıb. 5 şahzadə hələ fikirləşir. Pul vermək istəməyən 95 nəfərsə onlara qarşı irəli sürülmüş ittihamlarla tanış olur.

İnadkarlıq etsələr, yaxın günlərdə məhkəmədə olacaqlar.

Ötən ilin noyabrın 4-də Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman bin Əbdül Əziz əl Səud atasının yaratdığı Antikorrupsiya komitəsinə sədr təyin olundu. Ertəsi gün isə 201 nəfər həbs olundu ki, onların arasında şahzadələr, nazirlər, sabiq nazirlər, milyarderlər, məmurlar vardı.

Qara, sarı, yaşıl və dəmir

Qumsallıqlardakı Səudiyyə Ərəbistanının simvolları üç rəngdir. Qara - neft, sarı - səhralar və yaşıl - neft satışlarından gələn dollarlar. Həmin simvollara biri də əlavə olunub. Səudi taxt-tacının varisi şahzadə Salman ölkədə "dəmir əl" stili ilə köklü islahatlar aparmaq niyyətindədir.

Varlı və çox varlı şahzadələrin gecəyarısı evlərində tutulması, yataqdan çıxarılaraq "Ritz" otelinə aparılması, orada döyülərək "sındırılması" və hələ də orada saxlanılması məhz onun təşəbbüsüdür.

Minlərlə üzvü olan, zəif, sürəkli intriqalar, didişmələrlə yaşayan kral ailəsi üçün bu, əsl şok oldu.

Şahzadə Məhəmməd isə bolşeviklərin qolçomaqlara və hampalara qarşı mübarizəsini xatırladan bu aksiya ilə kifayətlənməyib səudi cəmiyyətinin əsaslarını silkələməyə, "köklü islahatlar" adı ilə yenilənməyə başladı.

Ötən il şahzadə Məhəmməd bəyan etmişdi ki, onu əsas məqsədi Səudiyyə Ərəbistanının "mülayim İslam" yoluna qaytarılmasıdır. Ölkə 32 il əvvəl bu yoldan çıxaraq dini ultramühafizəkarlıq bataqlığına yuvarlanmışdı.

Nələr öyrəndilər, nələrə öyrədildilər?

Təbii, hər ərəb şeyxi təki şahzadə Salman da ölkədə onillərdən bəri davam edən sələfilik doktrinasına görə İranı günahkar saydı.

Sən demə, hər işdə o "lənətə gəlmiş İran" suçludur.

Şahzadə Məhəmməd bin Salmanın sözlərinə görə, məhz İranda 1979-cu ildəki İslam İnqilabı bütün Yaxın Şərq ölkələrində din xadimlərinin və mühafizəkarların cəmiyyətin yaşamına təsirin güclənməsinə səbəb oldu.

İslam dünyası üçün yeni mərhələyə çevriləcək o il səudilər üçün gerçəkdən də "yaddaqalan" oldu.

Səudiyyə Ərəbistanının Milli Qvardiyavsının veteranı Cuhayman ibn Məhəmməd ibn Səyf əl Utaybi 500 tərəfdarı ilə birlikdə Məkkədə Məscid əl Harama hücum çəkdilər.

Hücumdan dərhal sonra əl Ütaybi xalası oğlu Məhəmməd əl Kəhtanini "Peyğəmbərin varisi, İslamı çirkabdan və haramdan təmizləyəcək insan" elan etdi.

Məscid əl Haramın iki həftəlik mühasirəsi və sonrakı hücumda 255 nəfər həlak oldu. Onlar Milli Qvardiyanın hərbçiləri, terrorçular və ziyarətə gəlmiş zəvvarlardı.

Kəhtani güllələndi, əl Utaybi ələ keçirildi və asıldı.

Məscid əl Haram terrorçulardan təmizlənsə də, bu terakt səudiyyə cəmiyyətinə, səudilərin mənəvi dəyərlərinə çox ciddi zərbə oldu.

Təbii, Məscid əl Haramdakı faciə qəflətən, təsadüfən olmadı. O zamanlar Səudiyyə Ərəbistanı müsəlman dünyasında yetərincə normal dövlətdi. Ölkədə teleyayım başlanmışdı, ümumxalq təhsil sistemi tətbiq olunurdu, qadınlar siyasi və sosial həyatda fəal iştirak edirdilər. İslahatlara kral Feysəl ibn Əbdül Əziz nəzarət edirdi.

Və nə yazıq ki, ölkədə dəyişikliklərə çox ciddi ehtiyac duyulduğunu hakimiyyət elitasında sadəcə, o dərk edirdi.

Din xadimləri islahatlara müqavimət göstərirdilər, krala mane olurdular. Sonucda islahatçı kral 1975-ci ildə qətlə yetirildi, az sonra Səudiyyə Ərəbistanında yaşam "Şəriət qaydaları"na uyğunlaşdırılmağa başlandı.

İrandakı İslam İnqilabından və Məkkədəki faciədən sonra Səudiyyə krallığı dini ultramühafizəkarlıq yolunu seçdi.

Ölkədəki bütün müəssisələr əgər gündə 5 dəfə namaz fasiləsi etməsəydilər, böyük məbləğdə cərimələnirdilər. Qadınlar ictimai və siyasi həyatdan bütünlüklə uzaq tutuldu.

3500 "mütəvvin"dən ibarət Günahlardan Qorunma və Mənəviyyata Sövq Komitəsi, yəni məşhur Şəriət Polisi isə az qala ölkədə əsas hüquq-mühafizə strukturuna çevrildi.

Yəni saqqalları sinələrinə düşən, kəlməbaşı "inşallah" və "maşallah" deyənlər göstərməyə çalışdılar ki, dövlətin ayağı burxulsa da o, yerişini itirməyib.

Silahla salam verilməz

Əslində, şahzadə Məhəmməd bin Salman İranı "radikal dinçiliyi yaymaq"da suçlamaqda hərcailik etmişdi. Çünki belə dinfuruşluq hələ 18-ci əsrdən bəri səudi krallığının kökündədir və adı da sələfilikdir.

Sələfiliyin - bizim camaat buna "vəhabilik" deyir - banisi və atası ərəb din xadimi Məhəmməd ibn Əbd əl Vəhhab sayılır. O, "təmiz İslam" istəyirdi və İslamda sufilik, müqəddəslərə sitayiş və s. kimi yeniliklərin rəddini tələb edirdi.

Kommunistlər üçün Marksın "Kapital"ı nə qədər əzizdirsə, sələfilər üçün də əl Vəhhabın "Kitab ət Tovhid"i bir o qədər dəyərlidir. Bu "əsər" istənilən "əsl vəhhabi"nin masaüstü kitabı sayılır.

Həmin kitab dünyanın əksər ölkələrində ekstremist əsər sayılır, yasaqdır.

Kitabda ekstraordinar, fenomenal sayılacaq heç nə yoxdur. İfrat radikal dinçilərin köhnəlmiş doqmaları, sadəcə olaraq, daha sərt, daha "hardkor" formada, vəssəlam, şüt də tamam.

Əl Vəhhab təqib olunurdu və o, Məkkədən qovularaq Mədinəyə yollandı. Mədinədə uzun müddət özünə hami axtaran əl Vəhhab sonda əd Diriyya şəhərinin əmiri Məhəmməd ibn Səudun sarayına sığındı.

1744-cü idə əmir yeni "müəllim"inin təlimini qəbul etdi, ilk səudi dövlətini yaratdı.

Məhəmməd əl Vəhhabın "Şeyx ailəsi" adlanan törəmələri səudi cəmiyyətində nüfuzlu və imtiyazlı insanlara çevrildilər. O vaxtdan bəri "Şeyx ailəsi" ölkədə din, təhsil, İslam aləmi ilə əlaqələr məsələlərini tam nəzarətdə saxlayırlar.

Əs Səud sülaləsi və "Şeyx ailəsi" arasında ittifaq 250 ildən çoxdur ki, davam edir. Elə bu səbəbdən müsəlman aləmində sələfiliklə səudilər tən tutulur.

İlk baxışdan belədir, amma əslində Səudiyyə Ərəbistanın hakimiyyətindəki dünyəvi və dini düşərgələr arasında sərt mübarizə gedir.

Əsas və xırda məsələlər

Əl Vəhhabın törəmələri asta-asta olsa da, mövqelərini itirməkdədir.

Hələ 2010-cu ildə kral Abdullanın imzaladığı fərmanda deyilirdi ki, yalnız dövlətin (oxu: əs Səudların) təsdiqlədikləri din xadimləri vətfa verə bilərlər.

2016-cı ildə Şəriət polisinə vətəndaşları həbs etmək yasaqlandı və beləcə, bu qurumla bağlı "polis" kəlməsi mənasını itirdi.

Elə həmin il kral Ali Üləmalar Şurasına "mülayim" və "mütərəqqi" din xadimlərindən namizədlərin təyinatını əmr etdi.

Ötən ilsə Səudiyyə Ərəbistanında ümumiyyətlə, "inqilab" başlandı: 35 ildən bəri yasaqlanmış konsertlərin, qadınlarla kişilərin eyni vaxtda iştirak edə biləcəyi tədbirlərin keçirilməsinə icazə verildi.

Daha sonra kinoteatrların fəaliyyətinə qoyulmuş qadağa ləğv olundu.

Bütün bunlar xırda məsələlərdir.

Əsas məsələ odur ki, varis şahzadə Məhəmməd bin Salman ölkənin "şah damarı"nı - Şəriət qaydaları əsasında çalışan hüquq sistemini dəyişmək fikrindədir.

İslam hüququnun ibtidai, ənənəvi qaydalarına sözsüz və şəksiz riayət Məhəmməd əl Vəhhabın banisi olduğu sələfiliyin bünövrəsidir.

Səudiyyə bunu etməlidir, çünki dünya bazarlarında xam neftin ucuzlaşması və bölgədə geosiyasi çəkinin azalması Ər-Riyadın əsas problemləridir.

Şahzadə Məhəmməd bin Salmanın da ölkədə dəyişikliklərə başlamasının kökündə Səudiyyə Ərəbistanına xarici sərmayə cəlb etmək istəyi durur.

Belə siyasət mühafizəkar din xadimlərində və xüsusilə də çoxsaylı həbslərlə müsadirələrinin ağrısını yaşayan kral ailəsi mənsublarında suallar yaradır.

Əl Vəhhabın nəslindən olanlar indiyədək həmişə hakimiyyətin ən mübahisəli də olsa, qərarlarını dəstəkləmişdilər. Hətta Şəriət Polisinin səlahiyyətlərinin məhdudlaşdırılmasına da razılaşmışdılar. Fəqət belə müttəfiqlik indi hansı həddədək davam edəcək - bilinmir.

Üstəlik, rəhbərləri, siqlətlərinə sayğı bəslədikləri "arif şeyx"ləri "əl Vəhhabın ideallarına xəyanət" edirsə, Səudiyyədəki sıravi din xadimləri nə düşünürlər?!

Əsrlərdən bəri ölkədə hakimiyyətin mövcud olan dini "qolu" günlərin birində "mütərəqqi" şahzadənin əmri ilə ləğv edilərsə, nə olacaq?!

Səudiyyədə gənclər varis şahzadənin yeniliklərini tam dəstəkləyirlər, di gəl, onların ölkənin siyasi həyatına təsir imkanları yoxdur. Bütün hakimiyyət kral ailəsinin ahıl üzvlərinə və nüfuzlu din xadimlərinə məxsusdur.

Onlar isə çox qısa müddətdə varis şahzadə statusunu əldə etmiş Məhəmməd bin Salmandan asılıdır.

Səudiyyə Ərəbistanın tarixinin çətin, amma maraqlı dönəmlərindən birini yaşayır.

Əsas odur ki, yeniliklərin kəmiyyəti keyfiyyəti üstələməsin.

Elçin Alıoğlu Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin