Ötən il 38,7 milyon ton neft hasil olunub


Digərləri 22 Yan 2018 15:42:00 232 0

Ötən il 38,7 milyon ton neft hasil olunub

SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirib. İl ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

Bu barədə Son.az SOCAR-ın saytına istinadən xəbər verir.

Bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib. 2017-ci ildə SOCAR üzrə hasilat 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunub.

SOCAR üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 milyon ton təşkil edib. Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac edilib. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür.

Qeyd edək ki, SOCAR üzrə perspektivli neft-qaz sahələrinin və yataqların mövcud potensialı növbəti illərdə neft hasilatının stabil saxlanılmasına və qaz hasilatının artımına şərait yaradır. Hazırkı mərhələdə əvvəldən istismar olunan köhnə yataqlarda hasilatın azalmasının qarşısını almaq məqsədilə aparılan tədbirlər nəticəsində SOCAR üzrə hasilat, davamlı olaraq, dünya neft bazarının tənzimlənməsi üçün zəruri olan və digər hasilatçılarla razılaşdırılmış çərçivələrdə həyata keçirilir, yataqların neftvermə əmsalından tam yararlanmağa nail olunur. Hasilatın sabitləşdirilməsi üçün yeni quyuların qazılması ilə yanaşı köhnə quyular da bərpa olunaraq, istismar fonduna daxil edilir, neftvermə əmsalının stabilliyi saxlanılır, fəaliyyətsiz quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər vasitəsilə istismarın bərpa olunması layihələri həyata keçirilir. Ləğv edilmiş quyuların bir çoxunda qalıq neft səmərəli texnologiyaların tətbiqi yolu ilə çıxarılır.