Almaniyadan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı


Digərləri 22 Yan 2018 15:38:00 188 0

Almaniyadan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı

Ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.

Son.az report-a istinadən xəbər verir ki, həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb.

Hava limanlarında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.

Məlumata görə, 85 azərbaycanlı Dublin Konvensiyasına uyğun olaraq Avropa İttifaqında gəldikləri ilk Şengen dövlətinə göndəriliblər. Onların 27-si 18 yaşına çatmamış şəxslər olub.

Sığınacaqla bağlı mənfi cavabı alan 333 azərbaycanlı Almaniyanı könüllü olaraq tərk edib. 269 Azərbaycan vətəndaşı isə Almaniya hökümətinin həyata keçirdiyi Repatriasiya Proqramı çərçivəsində maliyyə yardımı müqabilində ölkəni könüllü tərk etməyə razı olublar. Bundan başqa, ötən ilin ilk yarısında altı azərbaycanlı Almaniya hava limanlarındakı sərhəd buraxılış məntəqələrindən, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb.

2016-cı ildə isə sığınacaq müraciətinə mənfi cavab alan 93 azərbaycanlı ölkədən deportasiya edilib. Onların 87 nəfəri təyyarə ilə Azərbaycana, yerdə qalanları isə başqa ölkələrə göndərilib. Ötən il olduğu kimi 2016-cı ildə də hava limanlarında polisə göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə halı qəfil pisləşdiyi üçün deportasiyası təxirə salınıb.