Coğrafiya İnstitutu: Alpinistlərin getdiyi ərazilərdə qar mayın sonları-iyundan əriməyə başlayır (ÖZƏL)


Digərləri 22 Yan 2018 13:41:00 261 0

Coğrafiya İnstitutu: Alpinistlərin getdiyi ərazilərdə qar mayın sonları-iyundan əriməyə başlayır (ÖZƏL)

İtkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.

Bakı. İlhamə İsabalayeva – İtkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır. Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağ dəniz səviyyəsindən 4000 metr-dən çox yüksəklikdə yerləşir. Bu əraziyə qarın yağması təxminən sentyabr ayının II, III ongünlüklərindən başlayır və mart ayına qədər davam edir”. M.Həsənov qeyd edib ki, sentyabradək həmin ərazilərdə qar müəyyən qədər ərisə də, hamısı əriyib qurtarmır: “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağa sentyabrdan qar yağmağa başlayır. Ona görə də burada çoxillik buzlaqlar olur. Yəni, oradan qar və buzlaq əksik olmur”. Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağdakı qarın hündürlüyünə gəldikdə isə, M.Həsənov deyib ki, burada ümumilikdə qarın hündürlüyü yamacın istiqamətindən və meyilliliyindən asılı olaraq, 40-50 sm ilə 80-120 sm arasında dəyişir: “Qarın hündürlüyü külək tutan yamaclarda bir cür, külək tutmayan yamaclarda başqa cür olur. Ayrı-ayrı hissələrdə qarın hündürlüyü 1 metrədən də çox ola bilir”. M.Həsənov qeyd edib ki, “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda qarın qalınlığı 1 metrədən çox olan ərazilər əsasən, dərələrdir: “Bir metrlik qarlar yalnız qar uçqunu zamanı dərənin icinə gələrək orada toplanan qarlar olur. Yəni, əraziyə bu qədər qarın yağmasından söhbət getmir”.