Ekspert: Sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir


Digərləri 22 Yan 2018 13:14:37 272 0

Ekspert: Sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir

Sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir.

Bakı. Sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir. Hüquq üzrə fəlsəfə doktoru, "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini, ekspert Səbuhi Əliyev Trend-ə bildirib ki, ölkədə sahibkarlığın formalaşması və fəaliyyəti üzrə ali qanun olan Konstitusiya və ona uyğun qəbul edilmiş sahibkarlıq fəaliyyətinə dair xüsusi qanun və digər kompleks normativ hüquqi aklar mövcuddur. Bu hal baza prinsipi etibarı ilə çox vacib və əhəmiyyətlidir. Lakin artıq bütün istiqamətlərdə formalaşan, müasir bilik və bacarıqlara, imkanlara malik milli sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir. Bildiyiniz kimi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamına uyğun olaraq, demək olar ki, bütövlükdə inkişafımızı təmin edəcək, təhlilləri, istiqamətləri və öhdəlikləri özündə birləşdirən yol xəritələri təsdiq edilmişdir. Gələcəyə hesablanmış bu əhatəli sənədlərdə xüsusi diqqəti çəkən məqam, məsələlərin hüquqi tənzimlənməsinin, xüsusilə də investorların, kreditorların hüquqlarının real olaraq qorunmasının, ümumilikdə biznes mühitinin əlverişli və ədaləli hüquqi mexanizmlərlə təmin edilməsinin vacib olmasının vurğulanmasıdır. Bu çərçivədə qəbul edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kreditorların, xüsusilə də iri sahibkarlıq subyekti olan bankların üzləşdiyi hüquqi problemlərə, bank-məhkəmə münasibətlərinə toxunulur. Haqlı olaraq bildirilir ki, qeyri-işlək aktivlərin həcminin azaldılmasının ən mühüm vasitələrindən biri kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin olmasıdır.