Tanımanı həll etməmiş, «nə etməli» mövzusuna daxil olan dünya


Digərləri 21 Yan 2018 20:50:00 238 0

Tanımanı həll etməmiş, «nə etməli» mövzusuna daxil olan dünya

Bismilləhir-Rahmənir-Rahim

Ötən bəhslərimizdə biz o mövzulara toxunduq ki, insan bir fərd olaraq, toplum olaraq nələri etməli və nələri etməməlidir ki, öz insanlığını qoruyub saxlaya bilsin və inkişaf etdirə bilsin. Və bu əlaqədə qeyd olundu ki, zəruri mövzulardan biri - şükür mədəniyyətinə malik olmaqdır. Şükür bəhsindən aydın oldu ki, İslam məntiqində şükür - Allahın verdiyi nemətləri o cür və o formada sərf etməkdir ki, necə Uca Yaradan müəyyən edib. Yəni, nemətverən nemətin necə sərf olunmasını istəyir və insan elə tətbiq edirsə - şükür etmiş olur. İnsan ona verilən görmək, eşitmək, düşünmək, sevmək, danışmaq və digər nemətlərdən elə istifadə etməlidir ki, necə Allah Təala məsləhət bilir və doğru sayır. Əks təqdirdə, əgər insan neməti doğru-dürüst xərcləmirsə - naşükürlərdən olur.

Şükürlülük ruhiyyəsi və tövbə mədəniyyəti

Şükür mədəniyyətinə sahib olmaqdan əlavə, digər mühüm mövzu - tövbə mədəniyyətinə sahib olmaqdır. Əgər tövbə insan həyatının zəruri atributu olmasa, saatının, gününün, ayının, ilinin ayrılmaz hissəsi olmasa - əlbəttə ki, söhbət həqiqi tövbədən, həqiqi mənada özünəqayıdışdan gedir, özünü təzədən həyata qaytarmaqdan gedir - insan kamillik durumuna yetişə bilməyəcək.   İnsan həyatı boyunda səhvlərə, xətalara, peşmançılıq gətirən əməllərə yol verir. Ən azı - ona verilən nemətlərdən axıradək dürüst faydalanmır. Ən minimum, buna görə insan Rəbbi qarşısında xətalara yol vermiş olur. Əslində ciddi naqislikdir bu. Və özünə qayıdış edən insan, tövbə mədəniyyətinə yiyələnmiş olur. Bu məsələ istər fərdin həyatında doğrudur, istər toplumun həyatında. Olmasa tövbə mədəniyyəti, tövbə ruhiyyəsi - heç bir mənəvi zirvəni fəth etmək alınmayacaq.   Uşaq tərbiyəsindən, təlim-tərbiyədən, toplumun həyatından, iqtisadi məsələlərdən tutmuş, həyatın bütün səhnələrində tətbiq olunmalı mövzudur bu. Mədəni həyatda, iqtisadi, ictimai və bütün digər sahələrdə aşılanmalı olan məsələdəndir tövbə etmək ədəbi. Şükürlülük ruhiyyəsi ilə yanaşı, tövbə mədəniyyəti də geniş təbliğ olunmalı dəyərlərdəndır.   Tanımaqdan - "nə etməli"yə

Digər mühüm keyfiyyət - tanıma və mərifətlə bağlıdır. Tanıma olmadan əməl yoxdur, etmə yoxdur. Əgər kimsə iddia edir ki, iradəvi və əqlani seçimli həyat yaşayır və bu şüurlu həyatın əsasında tanıma yoxdursa - yanlışlıq edir. Tanıma olmayan yerdə seçimli həyat yoxdur. Tanıma, mərifət, agahlıq olmayan yerdə əslində seçim imkanı yoxdur.   Dünya bu gün iradəvilik, seçimlilik, şüurluluq axtarışındadır. Bugünkü dünya öz fundamental tanıma məsələlərini həll etməmiş, "nə etməli" mövzusuna daxil olub. Nə olub nəticədə? Fraqmental olaraq "nə etməli"lər çıxarılıb ortalığa, amma tanımasız "nə etməli"lərdir bu. Məsələn, iqtisadi sistemdə bir sıra qəbul olunmuş "nə etməli"lər tətbiq olunur ki, zahirən heç bir şəkk-şübhə doğurmur. Amma son dövrün praktikası göstərir ki, öncə professionallığında şəkk-şübhə olmayan fərdlərin başçılığı altında böyük-böyük layihələr süquta uğrayır, proseslər idarəolunmaz məcraya yönəlir.   Artıq iqtisadi, ictimai nəzər verməkdə də problemlər yaranıb. Hələ söhbət, sırf ümumi qəbul olunmuş işlərdən gedir. Hətta qəbul edilən standartlardan və çərçivələrdən irəli gələrək müzakirə olunan məsələlərdə belə çətinliklər var. Bu "nə etməli"lər insanın qeyri-maddi aləmində nə kimi təsirlər qoyur - onunla hələ işi yoxdur. Amma hətta maddi işlərdə necə təsirlər qoyur - göz qabağındadır.   Dünyada bir sloqanlıq, şüarçılıq praktikası ki, var idi son maliyyə böhranınadək - zahirən yenilməz və möhkəm təqdim olunurdu. Amma nə müəyyən olundu? Əvvəli bilinmir, son bilinmir, mahiyyət bilinmir - amma addımlar atılır. Sonu nə olacaq - heç bir şey. Xaos və nəzmsizlik.   Hər şeyin dəyəri tanımaqdan keçir

Hətta maddi kateqoriyalarda necə bir vəziyyətlər yarana bilir. Mənəvi məsələlərdən heç danışılmır da. Yəni tanıma olmayanda, "nə etməli" elə belə olur. İnsan nəyisə tanımasa, orada nə edəcəyi həqiqətdə bilinməyəcək. Fərd tanımağı bacarmalıdır. Toplum - tanıyan toplum olmalıdır. Əgər fərd və toplum tanıyan olmasa, bunların işində nuraniyyət olmayacaq.   Tanıma - zəruri məsələlərdən biridir. Tanıma, mərifət, bilgi, anlama - insanın irəliyə hərəkəti üçün ən zəruri cəhətlərindəndir. Bunun əksi - cahillikdir, nadanlıqdır. Toplum tanımalıdır, tanımaq xüsusiyyətinə malik olmalıdır. Tanıma ilə fərd və toplum bilir ki, dəyər nədir və dəyərlilik nədədir. Tanıyaraq insan müəyyən edə bilər ki, özü kimdir, Rəbbi kimdir, varlıq aləmi nələrdən ibarətdir. Nələri etməli, nələri etməməlidir. Tanımayan olsa insan, necə yaşamalı olduğunu bilməyəcək. Öz vücudi suallarının cavablarını bilməyəcək. Qarşısını çıxan irili-xırdalı sualların cavablandırılmasının nələrdən ibarət olduğundan bixəbər olacaq. Bilməyəcək ki, nələr nə vaxt həll olunur. Ruzisi nə vaxt bölünür, müqəddəratı nə vaxt müəyyən edilir.   Mən kiməm? Nə üçünəm? Ətrafdakılarım kimdir? Varlıq aləmində nələr var? Mənə nələr faydalıdır, nələr ziyanlı? Nələrdən çəkinməliyəm, nələrə meyil etməliyəm? Bu və bir çox digər suallara cavab tapmaq üçün insan gərək tanısın, mərifətə malik olsun.   Hər şeyin dəyəri tanımaqdan keçir. Hər şey bu məsələyə bağlıdır. Bizim həyatımızın mühüm nöqtələri məhz tanımaya bağlıdır. Şükür etsək - nemətlərdən düzgün istifadə edəcəyik. Tövbə etsək - müalicə olunacağıq. Tanımaq və mərifət məsələlərinə yiyələnsək - nadanlıqdan və cahillikdən qurtulacağıq. Ümumiyyətlə, tanımadan insan necə əməl edə bilər ki?! Tanımadan nəyin hansı dəyərə malik olmasını, deməli nəyin dəyərli, nəyinsə mənasız olmasını nədən bilə bilərik?   "Mənə ayıq göz nəsib et!"

İslam inancı tanımanın da dərəcələrini, səviyyələrini təqdim edir. Ən mühüm, ən önəmli dərəcə - gerçək tanımadır. İslam terminologiyasında buna bəsirət deyilir. Bir var insan nəyisə zahiri tanıyır, bir də var həqiqi tanımaqdan söhbət gediir. Tanımada dinimizin müəyyən etdiyi ən əsas meyar odur ki, insan tanımada o qədər yüksəlsin ki, məsələlərlə tək qiyabı tanışlığı olmasın, mütməin, arxayın bir tanışlığı olsun.   Əslində, həqiqi mərifət - elə bəsirətdir. İslamın həqiqi mərifətə - yəni, bəsirətə çağırışı var. Heç bir kitab Qurani-Kərim qədər gerçəklik haqqında təəqqülə, elmə, şüura, təfəkkürə dəvət etməyib. Quranın 1/6 hissəsi mərifət, tanımaq haqqındadır. Ayələrin bu qədər hissəsi agahlığa çağırır insanı.   O qədər mühümdür ki, bu mövzu, əziz İslam Peyğəmbəri (s) davamlı olaraq bu duanı oxuyardı: "Allahım! Mənə ayıq bir göz nəsib et ki, bütün varlıqları necə ki var, elə görüm". Əziz Rəsuli-Əkrəm (s) - gerçəkçidir. O Həzrət (s) realizmin həqiqi mənada təqdimatçısıdır. O, gerçəkliyi tanımaq istəyini, hər nə həqiqətdə necədir - o cür görmək istəyini iqrar edir və ümmətini bu yanaşmaya dəvət edir. Peyğəmbərimiz (s) varlığı necə görünür yox, necə göstərirlər yox, məhz həqiqətdə necədir - bu cür görməyin dəyərini bizlərə öyrədir.   O cür olmasa nə olar? İnsan əgər özünə və varlıq aləminə tanıması, mərifəti, bəsirəti olmasa, əməllərində zülm edəcək. Bütlə Rəbbin yerini səhv salacaq. Batili haqqın yerində görəcək. Seçimlərində hər şeyi qarışdıracaq.   Bir maraqlı ürfani dastan var tanımaqla, bəsirətlə bağlı. İbrət götürmək baxımından əhəmiyyəti çox böyükdür. Bir nəfər qoca kişi hər gecə qaranlıqda tövləyə gedər və inəyinə su və yonca apararmış. Və yemini verəndə, inəyini tumarlayarmış. Bir gün ac bir şir tövləyə girir və inəyi yeyir. Qoca kişi isə həmişəki kimi, qaranlıqda tövləyə daxil olur və su və yoncanı heyvanın qarşısına qoyur, onu tumarlayır. Bəsirəti olmadığından, görmədiyindən, fərqinə varmır ki, bu heyvan o heyvan deyil. Onun yemi yonca deyil, o, tumarlanası heyvan deyil. Nəticədə özü bu aslana yem olur - mərifəti, tanıması olmaması səbəbindən. O qaranlıq mane olmuşdu kişinin görməsinə və inəyi şirdən ayırmasına. Tanımamaq səbəb olmuşdu onun özünün də yem olmasına.   "Düşər-düşməzi olar"