Mum: min dərdin dərmanı


Digərləri 20 Yan 2018 22:45:00 371 0

Mum: min dərdin dərmanı

Mum çox qədimdən məlum olan və işçi arıların hazırladığı bərk dənəvər arı məhsuludur. Arının çənə və yuxarı qarıncığında səkkiz xüsusi mum vəzisi yerləşir və ifraz etdiyi mum havanın təsirindən bərkiyərək yarımşəffaf lövhəciklərə çevrilir. Ondan tikinti materialı kimi istifadə edən işçi arılar şanı yığmaq, ana və erkək arılar isə sürfə çıxarmaq, nəsil artırmaq üçün üskükvari yuvalar düzəldirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, arı mumu barədə məlumat verən biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov deyib: "Arılar dolmuş bal yuvacıqlarını - pətəyi mumla suvayırlar. Pətəklərin içərisindəki yuvacıqlar hər tərəfdən altıbucaqlı mum arakəsmələrlə əhatələnir və arı şanının divarını təşkil edir. 43,5x30 santimetr ölçüdə olan çərçivədə 4 kiloqrama qədər yetişmiş bal olur. Riyaziyyatçılar hesablayıblar ki, ən az mum işlətməklə ən çox bal yuvacığı hazırlayıb çoxlu bal götürmək yalnız altıbucaq formalı şan düzəltməklə mümkündür. Arılar çərçivəni ayrı-ayrı küncündən toxuyaraq onları bir-birinə elə birləşdirir ki, 1 millimetr belə işlənməmiş sahə qalmır, çünki pətək kompüter dəqiqliyi ilə hörülür.

Bir kiloqram mum istehsal etmək üçün arılar 3,5 kiloqram bal və çiçək tozundan istifadə edirlər. Ən güclü arı ailəsi bir məhsul mövsümündə 2 kiloqrama qədər mum istehsal edə bilər.

Mumun kimyəvi tərkibi çox mürəkkəbdir, onun tərkibində 300-dən çox maddə, o cümlədən 70-75 faiz mürəkkəb efirlər, sərbəst yağ turşuları, karbohidratlar, mineral maddələr və vitaminlər var. Onun ərimə temperaturu 62-68 dərəcə selsidir".

Onun verdiyi məlumata görə, mum bioloji aktiv məhsuldur və güclü bakterisid təsirə malikdir. Ağız boşluğu xəstəliklərində balla mumu çeynəmək müalicəvi təsir edir. Mum bitki və heyvani yağlarda yaxşı həll olur. Ondan hazırlanan məlhəm və balzamlardan dəri xəstəlikləri və yaraların müalicəsində istifadə olunur. Tərkibindəki A vitamini dəriyə qidalandırıcı və sağaldıcı təsirə malikdir.