Ofis xəstəlikləri necə olur?


Digərləri 20 Yan 2018 19:45:00 274 0

Ofis xəstəlikləri necə olur?

Oturaq iş, stress, qeyri-müntəzəm qidalanma- bunlar ofis həyatının xoşagəlməz komponentləridir. Soyuq fəsillərdə həmin təsirlər daha da güclənir və orqanizmdə müəyyən narahatlıqlara səbəb olur. Qrip fəsli sayılan payız və qış aylarında həmin problemlər xüsusilə kəskinləşir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ofis şəraitində hava-damcı infeksiyalarına tez yoluxmaq mümkündür, çünki iş stolunda müxtəlif bakteriyaların çoxalması üçün münbit şərait olur. Bundan başqa gün ərzində iş otağındakı telefona, kompüter klaviaturası və qapı dəstəyinə başqalarının da əli toxuna bilər. Bunun nəticəsində mikrobların inkişafı üçün münbit şərait yaranır. Ona görə də monitorun qarşısında yemək yedikdən sonra oranı təmiz silmək, həmçinin əlləri, o cümlədən şəxsi və tez-tez toxunulan əşyaları nəm salfetlərlə silmək və dezinfeksiya etmək lazımdır.

Gün ərzində kresloda əyləşmək artıq çəki əmələ gəlməsinə aparan ən sadə yoldur. Soyuğun artdığı, günəş şüaları və istiliyin azaldığı vaxtda orqanizm piy toplamağa başlayır. İş stolunun üzərinə konfet, şokolad, peçenye və s. yeməli şeylər qoymaq lazım deyil. Böyük Britaniyanın Kembric Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, ac olmadıqda qəbul edilən karbohidrat orqanizmdə artıq piy toxumasına çevrilir. Ona görə də ofisdə çalışanlara iş yerində nahara 1 saat vaxt verilirsə, onun ən azı 20 dəqiqəsini gəzməyə sərf etməlidirlər. Bu, nəinki yeməyi həzm etməyə, həmçinin əhval-ruhiyyənin yaxşılaşmasına və diqqəti toplamağa da kömək edir.

Heç də bütün ofislər yaxşı iş şəraiti ilə-kondisioner və qızdırıcılarla təmin edilməyib. Yayda həddindən artıq isti, qışda isə soyuq mühit rahat işləməyə imkan vermir. Belə şəraitdə fikri cəmləmək mümkün olmur. Bədən normal temperaturu saxlamaq üçün çox enerji sərf edir və yorulur. Nəticədə immunitet zəifləyir, ürək-qan damar sistemi zərbə ilə üz-üzə qalaraq stress və yuxusuzluğun inkişafına təkan verir. Belə iş şəraitində çox da soyuq olmayan maye qəbulu, əlləri və üzü tez-tez yumaq və otaq bitkiləri kömək edə bilər. Həmçinin geyimi dəyişərək sintetik materiallardan istifadə etməmək yaxşı nəticə verir. Soyuqdan qorunmaq üçün isti şorbalar və çoxlu isti çay içilməlidir. Yeməyə və çaya zəncəfil də əlavə etmək olar. Təbii ki, qalın geyinmək lazımdır, əgər çox qalın və yun gödəkcələrdə metro və ya nəqliyyatda getmək çətinliyi varsa, onda hansısa qalın bir paltarı ofisdə saxlamaq olar.

Daimi olaraq keçməyən öskürək və zökəm narahat etdikdə antibiotik içmək lazımdır. Ofis allergiyasına səbəb olan toksiki və allergen zərrəciklər kondisioner, printer, skaner və digər texniki vasitələrdən havaya daxil olaraq müxtəlif sahələrə çökür.

Əslində ofisdə kompüter qarşısında əyləşib işləməklə gözlərin sağlamlığı uğrunda mübarizə aparmaq bir araya sığmır. Xüsusilə də soyuq aylarda 8 saatlıq iş rejimindən sonra gözlərdə ağrı daha da güclənir. Məsələ ondadır ki, qışda küçədə olduğu kimi ofisdə də havanın nəmliyi, rütubəti kəskin aşağı düşür və bu, göz almasının qurumasına aparıb çıxarır, gözdə göynəmə, yandırma, qaşınma hissləri yaradır. Gözlərin ovulması selikli qişaya infeksiyanın düşməsinə səbəb olur. Bunların qarşısını almaq üçün ofisdə əlləri tez-tez yumaq və onu gözə, üzə vurmamaq lazımdır. Ən yaxşı variant isə otaq üçün hava nəmləndiricisi almaqdır.