Aydın Səfixanlı: 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir


Digərləri 20 Yan 2018 16:13:00 379 0

Aydın Səfixanlı: 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir

"20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir. Bu tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, bərabərliyi, fəxr və şərəf günüdür".

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

A.Səfixanlının sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi nəticəsində beynəlxalq hüquq normaları, o vavt qüvvədə olmuş keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə cinayət törədilib.

Sovet qoşunlarının təcavüzü nəticəsində milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 silahsız mülki şəxs amansızcasına öldürülüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb. Yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri də yaralanıb, şəhid olub.

Aparat rəhbəri bildirib ki, insanlıq əleyhinə törədilmiş bu müdhiş əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub:

"Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

"İlk dəfə olaraq, insanlıq əleyhinə cinayətlərə Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində anlayış verilib. Nizamnaməyə əsasən, istənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövründə, Tribunalın yurisdiksiyasında olan hər hansı bir cinayətlə bağlı törədilən adamöldürmə, kütləvi qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud siyasi, irqi və ya dini əsasda təqiblər insanlıq əleyhinə cinayətlər hesab olunur.

Beynəlxalq hüquqa əsasən törədilən cinayət əməllərinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün iki şərt tələb olunur. Birincisi, əməl sistematik və ya geniş miqyasda törədilməlidir, ikincisi əməl hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir.

Eyni zamanda qeyd etmək istərdim ki, beynəlxalq hüquq insanlıq əleyhinə cinayətlərin müharibə zamanı və ya dinc vaxtı törədilə bilməsi ilə bağlı şərt də müəyyən etmir. Belə ki, Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələri (müvafiq olaraq 5-ci və 3-cü maddə) digər bir beynəlxalq cinayətlə əlaqənin olması tələbini nəzərdə tutmur. Bundan əlavə, Ruanda tribunallarının Nizamnaməsində birbaşa göstərilir ki, insanlıq əleyhinə cinayətlər müharibə zamanı və ya dinc vaxtı törədilə bilər. Beynəlxalq silahlı münaqişənin insanlıq əleyhinə cinayətlər üçün zəruri şərt olmaması Yuqoslaviya tribunalı tərəfindən Duşko Tadiçin işində bir daha təsdiq olunmuşdur: "Hazırda belə bir beynəlxalq hüquq adət norması təşəkkül tapmışdır ki, insanlıq əleyhinə cinayətlər beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb etmir.