Moldovalı futbolçu: "Azərbaycan millisindəki bəzi oyunçuları "Qarabağ"ın heyətindən tanıyıram"


İdman 20 Yan 2018 12:21:00 288 0

Moldovalı futbolçu:  "Azərbaycan millisindəki bəzi oyunçuları "Qarabağ"ın heyətindən tanıyıram"

"Həmişəki kimi, təəssüratlarımız çox müsbətdir. Bütün futbolçular özlərini göstərmək və yığmada nəyisə dəyişmək istəyirlər ki, nəticələr də gəlsin".

Bunu Moldova millisinin futbolçusu Petru Raku yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşlərinə hazırlıq prosesini dəyərləndirərkən deyib.

Hazırda "Şerif" klubunda çıxış edən 31 yaşlı müdafiəçi yeni baş məşqçi Aleksandr Spiridonu belə dəyərləndirib:

"Onun təcrübəsi və Avropa mentaliteti göz qabağındadır. Spiridonun təyinatına hamımız müsbət yanaşdıq. Hamı yığmaya layiq olduğunu göstərməyə hazırdır. Yeni baş məşqçinin gəlişi bütün oyunçular üçün, xüsusən yoldaşlıq görüşlərində özlərini göstərmək şansının yarandığı deməkdir. Hazırlıq intensiv rejimdə gedir. Biz istirahətdən yenicə qayıtmışıq. Məşqlər daha çətin olsa da, daha yaxşı olmağımız üçündür".

Əvvəlki 9 matçda Moldovanın 3 qələbəsinə Azərbaycan millisi 2 qalibiyyətlə cavab verib. 4 görüşdə isə qalib müəyyənləşməyib.