Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)


Digərləri 20 Yan 2018 12:20:00 247 0

Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Ukraynanın paytaxtı Kiyev şəhərində “Qanlı 20 Yanvar faciəsi: səbəblər, nəticə, tarixi dərs” mövzusunda dəyirmi masa keçirilib.

Bakı. Ukraynanın paytaxtı Kiyev şəhərində “Qanlı 20 Yanvar faciəsi: səbəblər, nəticə, tarixi dərs” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) mətbuat mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş dəyirmi masa “Ukrinform-internet” televiziya kanalı tərəfindən canlı yayımlanıb. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 28 il öncə doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Səfir vurğulayıb ki, o zaman üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummili lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayəti beynəlxalq aləmə çatdırdı. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb. Bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli əzmkarlıq səlnaməsidir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi İlhamə Allahverdiyeva və digər şəxslər çıxış edərək, tarix boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər. Aradan 28 il ötməsinə baxmayaraq 20 Yanvar faciəsində birbaşa əli olan M.Qorbaçov və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər. Sonra tədbirə qatılanlar 20 Yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin