20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi FOTOKOMPOZİSİYA


Digərləri 20 Yan 2018 00:05:00 344 0

20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi  FOTOKOMPOZİSİYA

Hər bir tarixi hadisənin qiymətini zaman verir. 20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur".

20 Yanvara 28 ildən sonra baxış

Həmin qanlı yanvar günündən 28 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. İndi isə kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Onda - qaranlıq səmada güllələrin parıldadığı, küçələrdə tankların şütüdüyü qış gecəsində azadlıq günəşinin doğmasından, həyatımızda başlayan dönüşdən hələ xəbərsiz idik. Bilmirdik ki, üstümüzə tankla hücuma keçən bu imperiyanın sonu çatıb və cəmi iki il sonra Azərbaycan yenidən müstəqil dövlət olacaq. İndi şəhidləri azadlıq müjdəsi gətirən qaranquşlara bənzədirik.

Ötən 28 ildə həyatımız büsbütün, müqayisəyə gəlməz dərəcədə dəyişib, 90-cı ilin Bakısından, 28 il əvvəlki Azərbaycandan, demək olar, əsər-əlamət qalmayıb. İmzalar içində imzamız, bayraqlar sırasında bayrağımız, sözlər yanında sözümüz var. İllərin və zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır.

Biz ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, ədalətsizliyini, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördük. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verdilər. Təzada baxın: nahaq axıdılan qan və sülh mükafatı...

Kədərin içərisindən baş qaldıran ümid və inam

Həmin yanvar günləri zülmət gecəyə bənzəyirdi. Havadan qan və ölüm qoxusu gəlirdi. Analar fəryad qoparır, qız-gəlinlər ağı deyir, kişilər göz yaşlarını güclə saxlayırdılar. Ədalət, haqq divanı qurulsa, bir xalqın başına gətirilən müsibətə bu gün minlərlə, on minlərlə insan şahidlik edər.

İmperiya qoşunlarının Bakıda törətdiyi hərbi cinayətin digər təkzibolunmaz dəlil-sübutu fotoşəkillərdir. Qanlı epizodların, şəhidlərin dəfnində yaşanan nəhəng izdihamın, insan portretlərinin əks olunduğu bu fotolar xalqın faciəsini və hünərini zamandan-zamana daşıyır. Onlara diqqət yetirsək, ümumxalq kədərinin içərisindən baş qaldıran ümid və inamı da görə bilərik. Xüsusən faciənin ertəsi gün o vaxt Moskvada yaşayan Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza güc verdi, ona böyük dayaq oldu.

AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini və yenilməzliyini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Bu gün həmin fotoları bir daha təqdim edirik: baxaq, xatırlayaq, yaddaşımızı təzələyək...

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrilirdi.

Can üstə olan imperiya çıxış yolu kimi Bakıda fövqəladə vəziyyət rejimi elan etdi, bundan bir nəticə hasil olmadığını gördükdə Azərbaycan paytaxtına qoşun yeritmək qərarına gəldi. Həmin günlər küçə və meydanlarda çəkilmiş fotolar 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyəti, xalqın əhval-ruhiyyəsini anlamağa yardımçı ola bilər.

Misli-bərabəri olmayan qəddarlıq

1990-cı il, 20 yanvar, saat 00:00. Bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər heç kəsə aman vermirdilər.

Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri indiki "20 Yanvar" dairəsində (onda həmin ərazi XI qızıl ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə dəhşətli mənzərələrlə qarşılaşdılar: tankların əzib keçdiyi cəsədlər, avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri... Xəstəxanalar yaralılarla dolu idi. Şəhərin mərkəzi küçə və meydanları tanklar və silahlı əsgərlər tərəfindən mühasirəyə alınmışdı.

Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. Öldürülənlər və yaralananlar arasında qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

Bu hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər".

 

Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına Sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi.

Qəddarlığın da misli-bərabəri yox idi. "Şit" təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatdan: "Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Atəş zamanı "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi".